"Görünür bu insanlar da Cavanşir Feyziyevin səviyyəsində olanlardır" - Müşfiq Ələsgərli

 12:31 07.02.2022     1018

Bu günlərdə Milli Məclisin deputatı, eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin bir sıra media nümayəndələrini təhqir edərək onları “reket”, “dələduz”, “casus” adlandırması media cameəsində haqlı narazılığa səbəb oldu. Deputatın bu açıqlamasından sonra “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi Mətbuat Şurasının İdarə Heyətindən istefa verdi. Maraqlıdır, Mətbuat Şurasının deputatın jurnalistləri təhqir etməsi ilə bağlı yekun qərarı nə olacaq? Bahəddin Həzinin istefası qəbul ediləcəkmi?

Məsələ ilə bağlı Redaktor.az-ın suallarını Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli cavablandırdı. O bildirdi ki, məsələni araşdırmaq, mövqe bildirmək, bir qədər vaxt tələb edir:

"Bu, gözlənilən hadisə deyildi. Cavanşir Feyziyev ictimai-siyasi mühitdə olmuş bir şəxsdir. Belə bir şəxsin birdən-birə bu qədər jurnalisti qarşısına alıb belə bir ifadələr işlətməsi düzgün deyil. Nəinki deputata, heç kimə kimisə təhqir etməyə icazə verilmir. Bu, qanunla qadağandır. Bunu sadə bir vətəndaş etsə, bəlkə də anlayışla qarşılamaq olar. Amma millət vəkilinin birdən-birə insanları haqsız yerə təhqir etməsi gözlənilməz hal idi və təbii ki, hamıda çaşqınlıq yaradır. Məsələni araşdırmaq, mövqe bildirmək, bir qədər vaxt tələb edir. Bəzi insanlar isə səbirsiz davrandı və baş verənləri Mətbuat Şurasının üzərinə yönəltməyə çalışdılar. Bəziləri deyir ki, Cavanşir Feyziyev millət vəkilidir, bəziləri də deyir ki, Mətbuat Şurasının üzvüdür. Bu adamın bəlli imici var və bu adam iş adamıdır. İş adamı olaraq bu adamın media ilə münasibətlərini tənzimləyən insanlar var. Görünür bu insanlar da onun səviyyəsində olan insanlardır. Ona görə də bu cür yanlışa yol veriblər. Biz hamımız gözləyirdik ki, məsələ araşdırılandan sonra Cavanşir Feyziyev media cameəsindən üzrxahlıq edəcək. Amma bu üzrxahlığı görmədik. Getdikcə əlavə statuslar ortalığa çıxdı. Digər tərəfdən istirahət günü olduğuna görə şəxsən mən prosesi izləyə bilməmişdim və nə baş verdiyindən ümumiyyətlə xəbərsiz idim. Bu adi hadisə deyil. Bir millət vəklinin, iş adamının, ictimai siyasi mühitdə olan bir şəxsin birdən-birə belə bir açıqlama verməsi hamını çaşqın vəziyyətə salıb. Bu gün bu məsələ Mətbuat Şurasında müzakirə ediləcək. Müzakirələrə uyğun olaraq mövqeyimizi rəsmi olaraq ifadə edəcəyik. Düzdür, Əflatun Amaşov ilkin mövqe açıqlayıb. Bu, ilkin təəssüratdan doğan bir açıqlamadır. Atılacaq addımlar müzakirə olunacaq və bununla bağlı yekun qərar veriləcək”.

M.Ələsəgərli deputatın təhqir etdiyi Bahəddin Həzinin Mətbuat Şurası İdarə Heyətindən istefası məsələsinə də münasibətini açıqladı:

“Bahəddin Həzinin istefası ilə bağlı heç nə deyə bilmərəm. Bu, onun öz mövqeyidir. O istəsə qalar, istəməz istefa edər. Bu, onun şəxsi hüququdur. O gözləyirmiş ki, hadisə baş verən kimi Mətbuat Şurası dərhal açıqlama verəcək. Amma bu sıradan bir qurum deyil, gərək məsələ əvvəlcədən araşdırılsın. Bahəddin Həzinin qınağı belədir ki, niyə Mətbuat Şurası vaxtında açıqlama vermədi. Bu fonda inciklik yarandı. Bahəddin Həzi bu qurumun üzvüdür və biz əlbəttə ki, onun hüquqlarının qorunması ilə məşğul olmalıyıq. Amma bu bir saniyənin içində ola bilməz. Təmkinlə yanaşmaq, araşdırmaq lazımdır. Hər halda onun istefa verməsi haqda qərarını tələsik addım kimi qiymətləndirirəm. İstənilən halda istefa onun hüququdur. Onun istefa səbəbi bizim gecikməyimizlə bağlıdırsa bizim də bununla bağlı haqlı səbəblərimiz var. Əgər biz Bahəddin Həzini yox, Cavanşir Feyziyevi müdafiə etsəydik, onun narazılığını anlamaq olardı. Lakin hələlik ortada bir mövqe yoxdur. Tələsməyə ehtiyac yoxdur. Cavanşir Feyziyevin təhqir etdiyi şəxslər öz həyatını qələmə, jurnalistikaya həsr edən insanlardır. Onlar qələmlərini bu vətənin müdafiəsinə həsr edib. Bu qədər insanı birdən-birə şəxsi marağına görə təhqir etmək yolverilməzdir. Heç kim bu mövqeyi dəstəkləyə bilməz”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən