"Hiss edirdi ki, bu bayraq ona kəfən olacaq" - Vətən müharibəsi şəhidinin doğum günüdür
27 sentyabr 2020-ci il... Azərbaycanın tarixinə bu gün qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə həkk olunan şərəfli günü kimi əbədi yazıldı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Minlərlə qəhrəman Vətən övladı 30 il düşmən tapdağında qalan Qarabağı və ətraf rayonları azad etmək üçün müqəddəs döyüşə başladı. İgidlərimiz gözlərini belə qırpmadan düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün canlarından keçib müqəddəs şəhidlik zirvəsinə yüksəldilər.
Yüksəkliyə can atmaq insanın təbiətindəndir. O, dünyaya gəldiyi andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə can atır. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?! Bu uca məqamda dayanan igidimizdən bəhs edəcəyik. Vətən müharibəsi şəhidi Tacir Cəfərdovdan. Onun 22-ci doğum günündə atası ilə söhbətləşdik...
“Ailədə həmişə digər övladlarımdan seçilirdi. Deyib-gülməyi, əylənməyi çox sevirdi. Harada bayraq görsəydi, əyilib bayrağımızı öpürdü. Elə bil hiss edirdi ki, bu bayraq ona kəfən olacaq”,- qəhrəmanın atası Fariz Cəfərov söhbətə belə başladı.
Gözlərində qəm, kədər və bir o qədər də fərəh qığılcımları ilə Farizin uşaqlığından danışdı:
"Tacir 2001-ci ilin fevralın 9-da, Goranboy rayonu Qaraçinar kəndində dünyaya gəlib. 2007- ildə Qaraçinar kənd orta məktəbiniə birinci sinifə gedib. Hələ uşaq yaşlarından idmana və hərbiyə böyük marağı vardı. Dəfələrlə güləş üzrə rayon birincisi olsa da, Respublika çempionatda ikinci yerə layiq görülüb. Ailədə həmişə digər övladlarımdan seçilirdi. Üç qardaş, iki bacıdırlar. Tacir uşaqların ortancılı idi. Deyib-gülməyi, əylənməyi çox sevirdi. Həmişə özünə hörmət qoyub. Harda bayraq görürdüsə, öpürdü. Elə bil hiss edirdi ki, kəfəni də bayraq olacaq. İdmanda uğurlar qazanaraq bayrağımızı dalğalandırmağı qarşısına məqsəd qoymuşdu. Amma qismət belə imiş. Müəllimləri də Tacirin həmişə əsgər olmaq istədiyini deyir. Bizə deyirdi ki, güləşdə uğur qazana bilsəm, davam edəcəm. Əgər alınmasa hərbidə qalacam. Açığı, dərs oxumağa meylli olmasa da, müəllimləri ondan heç vaxt şikayət etməyiblər.”
30 ildən bəri düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrundan Vətən müharibəsi başlayanda Tacir hərbi xidmətinin son günlərini yaşayırdı. Minlərlə şərəfli Azərbaycan əsgəri kimi döyüşlərə qatılan Tacir bunu ailəsindən gizlədir:
“Tacir 2019-cu ilin aprelin beşində hərbi xidmətə yollanıb. Füzulinin N saylı hərbi hissəsində xidmət edirdi. Tərxis olunmağına üç gün qalmış Vətən müharibəsi başladı. Müharibə başlayan kimi ön xətdə döyüşə yollanıb. İlk günlərdə bizimlə danışada arxa cəbhədə olduğunu deyirdi. Bilmirdik ki, döyüşür, atışma səngiyən kimi bizimlə danışır. Əksinə, o bizə ürək-dirək verirdi ki, ata, qorxmayın, narahat olmayın. Biz Tacir şəhid olandan sonra bilmişik bunu. Müharibə başlamazdan əvvəl komandiri digər tərxis olunan əsgərlərlə birlikdə onu da postdan aşağı endirəndə etiraz edib. Deyib ki, əgər qaytarmasanız, qaçaq yolla da olsa öz yerimə qayıdacağam. Biz 6 nəfər söz vermişik ki, ölsək də qalsaq da bir yerdə olacağıq. Beləcə Tacir yenidən öz mövqeyinə qayıdıb. Lələtəpədə ön xətdə posta dayanıb. Həmin 6 nəfərdən üçü şəhid, ikisi qazi oldu. Cəmi bir əsgər yoldaşı müharibədən sağ-salamat qayıtdı”.
Fariz kişi deyir ki, döyüş yoldaşları Tacirin vəfalı dost olması barədə ağızdolusu danışırlar:
“Tacir və yoldaşları döyüşə-döyüşə Arazboyu irəliləyiblər. Qərargah rəisi deyir ki, o uşaqlar taborda elə bir ruh yüksəkliyi yaratmışdılar ki, mən onlarla döyüşə girirdim. Sağ qalan bütün dostları Tacir haqqında öz xatirələrini bizimlə bölüşürlər. Hamısı onun qəhrəmanlığından, igidliyindən danışır. Müharibə vaxtı bir neçə dəfə zəng etmişdi bizə. Tacir özü telefon istifadə etmirdi. Həmişə məsuliyyətli idi. Deyirdi telefon işlətdiyimi görsələr əlavə problem yarana bilər. İmkan tapanda dostlarının, komandirin telefonu ilə bizimlə əlaqə saxlayırdı”.
Şəhid olmazdan bir gün əvvəl Tacir sonuncu dəfə atasına zəng edib. Fariz kişi həmin anları xatırladıqca kövrəlir:
“Sonuncu dəfə oktyabrın 26-da zəng etdi. Danışığımız çox qısa oldu. Dedi ki, narahat olmayın, hər şey yaxşıdır, salamatam. Siz özünüzə yaxşı baxın, biz yaxşıyıq. Ola bilsin ki, əlaqə saxlaya bilmədim sizinlə. Bir gün sonra Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 28-də Hərbi Komissarlıqdan bizə Tacirin şəhid xəbərini çatdırdılar”.
Vətən müharibəsinin şəhidləri çeşidli orden və medallarla təltif edildilər. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. Bununla yanaşı şəhidlərimizin adlarının əbədiləşməsi üçün dövlət müxtəlif işlər görür. Fariz kişi də Tacirin adının əbədiləşməsi üçün şəhidimizin vaxtilə oxuduğu məktəbə onun adının verilməsini arzulayır. Lakin nədənsə bu arzusu elə arzu olaraq qalıb və ümid edirik ki, əlaqədar təşkilatlar bunu diqqətə alacaqlar:
“Şəhid olduqdan sonra oğlum “Vətən Uğrunda”, “Füzuli uğrunda”, “Xocavənd uğrunda” və “Cəsur döyüşçü” medallarına layiq görülüb. Şəhid ailələri kimi bizi də dövlətimiz daim diqqətdə saxlayır. Lakin istəyirəm oğlumun adı təhsil aldığı Goranboy rayon Qaraçinar kənd orta məktəbinə verilsin. Bu barədə Nazirlər Kabinetinə də müraciət etmişik. Lakin bizə dedilər ki, buna görə şəhidə orden verilməlidir. Bilmirəm bu orden veriləcək ya yox. Çox istərdim ki, oğlumun adını bu məktəbə versinlər”.
Şəbnəm Mehdizadə



















