"Necə deyə bilərik ki, Azərbaycanda rüşvət alan yoxdur?" - Deputat

 13:36 10.02.2022     911

Son dövrlərdə Azərbaycanda müxtəlif məmurlar, vəzifəli şəxslər rüşvət almaqda ittiham edilərək həbs olunur. Lakin təəssüf ki, hələ də ölkədə korrupsiya faktlarının sonu gəlmir. Demək olar hər həftə, hər ay belə faktlarla rastlaşırıq. Bəs görəsən, yüksək çinli məmurların həbsi niyə digərlərinin gözünü qorxutmur? Məmurlar kimə arxayın olub hələ də bu əməllərindən çəkinmir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Rüfət Quliyev cavablandırıb. O bildirib ki, korrupsiya ilə son 150 ildir dünyanın bütün demokratik ölkələri mübarizə aparır:

“Məmurları həbs etməklə, hansısa formada cəzalandırmaqla məsələ həll olunmur. Gərək cəmiyyətin təfəkküründə dəyişikliklər olsun. Düşünürəm ki, bu gün hökumət bu istiqamətdə bir çox lazımi addımlar atır. Cəmiyyətin təfəkküründə, düşüncəsində, addımlarında, dəyişikliklər olması üçün işlər görülür. Bu proses gec də olsa, yavaş sürətlə də olsa gedir. Biz bu prosesin sürətini ilbəil hiss edəcəyik. Hesab edirəm ki, bu düzgün siyasətdir. Dövlət başçısı da öz çıxışlarında dəfələrlə qeyd edib ki, heç kim heç kimə arxayın ola bilməz. Dövlətin qanunu pozan hər bir insan qanunları pozmuş bir şəxs kimi qəbul olunacaq. Heç kim onun günahından keçməyəcək. Korrupsiya ilə son 150 ildir dünyanın bütün demokratik ölkələri mübarizə aparır. ABŞ, Böyük Britaniya, digər inkişaf etmiş Avropa və Asiya ölkələri korrupsiya ilə mübarizəni sona çatdıra bilibmi? Çin, İndoneziya, Malaziya korrupsiyaya görə insanların əlini kəsib doğrayır. Bəzi ərəb ölkələrdə hətta rüşvət alan məmurları güllələyirlər. Bununla məsələ bağlanıbmı?".

Deputat hesab edir ki, belə halların qarşısının alınması üçün müəyyən vaxt lazımdır:

“Rüşvət bu cəmiyyətin təfəkkürü ilə daha çox bağlı olan bir məsələdir. Bu, inqilabi proses deyil, təkamül prosesidir. Korrupsiya ilə Azərbaycan cəmiyyəti və dövləti uzun illərdir mübarizə aparır. Lakin bunun qarşısı ən inkişaf etmiş ölkələrdə belə tam alınmayıb. Biz necə iddia edə bilərik ki, biz korrupsiya faktının axırına çıxdıq, ölkədə rüşvət alan, rüşvət verən yoxdur? Düşünürəm ki, müəyyən vaxt lazımdır. Cəmiyyətin özündə, düşüncəsində inqilabi dəyişiklik lazımdır. Hazırda bu istiqamətdə düzgün istiqamətdə irəliləyirik. Bu gün qəbula gələn onlarla insan müxtəlif problemlərdən söz açır. Deputatlar deyəndə ki, rəsmi formada müraciət edin, əksəriyyəti deyir ki, rəsmi formada müraciət etmək istəmirik, yəni sadəcə olaraq məlumat vermək istəyirik ki, belə bir haqsızlıq var. Əgər biz şəffaflıq istəyiriksə, şəffaflığın təməli insanların açıq-aşkar müraciəti əsasında qoyulur”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən