"SOCAR-la bağlı bir çox neqativ hallar var idi" - Vahid Əhmədov
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə R.Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.
Həmçinin, prezidentin digər bir sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.
Elnur Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilərək nazirin birinci müavini təyin edilib.
Maraqlıdır, yeni kadr təyinatları Azərbaycan cəmiyyətinə nə vəd verir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovun münasibətini öyrəndik.
Redaktor.az-ın suallarını cavablandıran millət vəkili yeni təyinatları yüksək qiymətləndirdiyini və bu kadr islahatlarının zərurətdən irəli gəldiyini söylədi:
“İlk növbədə, vəzifəyə gətirilən bu şəxslər gənc kadrlardır. Onların hər birini şəxsən tanıyıram və müəyyən söhbətlərimiz olub. Bəzi məsləhətləşmələr etmişik. Prezident İlham Əliyev bir müddət əvvəl SOCAR-da Müşahidə Şurası yaratdı. Mikayıl Cabbarov Müşahidə Şurasının sədri, Rövşən Nəcəf isə bu şuranın üzvü təyin olundu. Onlar uzun müddət analitik təhlillər, maliyə vəziyyəti ilə bağlı yoxlamalar apardılar. Ola bilsin ki, prezidentə də bu barədə müəyyən məlumatlar verilib. Prezident İlham Əliyev ümumi vəziyyəti nəzərə alaraq belə bir qərar qəbul edib. SOCAR-la bağlı bir çox neqativ hallar var idi. Bu barədə mətbuatda da çox yazılar yazılıb. Ona görə də belə bir kadr dəyişikliyi aparıldı. Təyin olunan Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini idi. Onunla Milli Məclisdə görüşmüşük, telefon danışıqlarımız olub. Kifayət qədər təcrübəsi olmasa da yüksək biliyə sahib olan bir gəncdir. Hesab edirəm o, Müşahidə Şurasının üzvü olduğu vaxtlarda SOCAR-dakı vəziyyətlə yaxından tanış olub. Bu gün Dövlət Neft Şirlətinə o, birinci vitse-prezident, həm də prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edildi. Ümid edirəm ki, o, bu vəzifədə özünü doğruldacaq. Bu islahatlar aparılmalı idi və qanunauyğun hesab edirəm”.
Vahid Əhmədov bizimlə söhbərində onu da vurğuladı ki, bu kadr islahatları davam edəcək.
“Son zamanlar təyin olunan 10-a yaxın nazirlər müasir təfəkkürlü insanlardır. Ən əsası onlar rüşvət və korrupsiyaya uğramayıb, təmiz insanlardı. Hesab edirəm ki, öz imiclərini qoruyub saxlamaq üçün təmiz qalacaqlar. Elnur Əliyev Mikayıl Cabbarovun birinci müavini təyin edilib. O da kifayət qədər təcrübəli şəxsdir. Uzun müddətdir iqtisadiyyat nazirliyində işləyirdi. Mənim onunla da müəyyən söhbətlərim və məsləhətləşmələrim olub. Nazirə kömək etməkdə kifayət qədər uğurlu bir kadrdır. Yəni hesab edirəm ki, bu islahatlar davam edəcək. Çünki köhnə təfəkkürlü insanlar yavaş-yavaş idarəetmədən uzaqlaşmalıdır. Dünyanın müasir tələblərinə cavab verən gənc kadrlar idarəetməyə gəlməlidir. Bizim əsas məqsədimiz onlara kömək etməkdir. Ümumilikdə bu islahatı müsbət qarşılayıram”,- V. Əhmədov bildirdi.
Şəbnəm Mehdizadə












