Siyavuş Novruzov rayonların ləğvindən danışdı
Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı müzakirə olunan qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin fevralın 11-də keçirilən iclasında deyib.
Komitə sədri diqqət çatdırıb ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.
Bildirilib ki, Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.












