Koronavirus testlərinin cavabı niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Son günlər ölkədə koronavirusa (COVİD-19) yoluxma sayında kəskin artım var. Lakin təəssüf ki, belə bir vaxtda yoluxan əksər xəstələrin test cavabları 4-5 gündən, bəzən isə sağalandan sonra gəlir. Testin gəlmədiyi müddətdə isə bir çoxları işə, dərsə və s. yerlərə gedir və başqalarını yoluxdurur. Yaxud da koronavirusa (omikron) yoluxduğunu başa düşərək tanış həkimlərin, yaxud əvvəllər koronavirusa yoluxmuş şəxslərin məsləhəti ilə evdə müalicə alır. Bəzi hallarda isə testin cavabı gec gəldiyi üçün heç bir müalicə almayan şəxslərin vəziyyəti ağırlaşır.
Evdə müalicə olunub sağalan şəxsə sonradan gələn testin cavabı pozitiv olduqda isə, 7 gün evdən çıxmamaq tələbi var ki, bu da həmin şəxsin və ailə üzvlərinin əlavə olaraq işə və s. yerə getməsinə mane olur. Bir sözlə, test cavablarının gecikməsi insanlara hərtərəfli problem yaradır.
Bəs bu gecikmələrin səbəbi nədir? Xəstəyə sağaldıqdan sonra evi tərk etməmək qadağası barədə sms gəlirsə, belə vəziyyətdə vətəndaş nə etməlidir?
TƏBİB-in mətbuat katibi Elnarə Baxış Redaktor.az-a bildirdi ki, ölkədə SARS-CoV-2 21K “Omikron” variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə müraciət edənlərin sayı kütləvi artıb:
“Bu da mövcud laboratoriyaların iş yükünün artmasına səbəb olub. Ümumilikdə götürülən testlərin nəticəsinin daha da tez açıqlanması və prosesin sürətləndirilməsi məqsədilə mütəmadi addımlar atılır. Bundan sonra da bu istiqamətdə proses davam etdiriləcək”.
Vətəndaşın belə məqamda nə etməsi ilə bağlı sualımızı isə TƏBİB nümayəndəsi cavabsız qoydu.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirdi ki, test cavablarının gecikməsi texniki məsələdir:
“Yoluxmalar kütləvi hal alıb. Çoxlu müraciətlər var. Görünür yoluxma sayı test nəticələrinin vaxtında açıqlanmasına imkan vermir. Mən bununla bağlı koronovirus pandemiyası təzə paylaşanda fikir bildirmişdim. Daha çox klinikalara səlahiyyət verilməlidir ki, onlar test analizlərini apara bilsin. Özəl sektoru bu məsələyə cəlb etmək lazımdır. Dövlət sektorunda olanlar artıq çatdırmır. Özəl sektorda olan klinikaların bəzilərinə icazə verilib. Kimin laboratoriyası var, onlar analiz apara bilir. Düşünürəm ki, hər kəsə imkan verilməlidir ki, bu analizləri aparsınlar. Gecikmələr dövlət sektorunda yaşanır. Çünki bu testlər ödənişsizdir. Buna görə də növbə çox olur. Gecikmələr texniki məsələdir”.
Deputat bildirdi ki, məsələnin həlli üçün laboratoriyaların işi sürətlənməlidir:
“Analizlər daha qısa müddət ərzində həyata keçirilməlidir. Yeri gəlsə laboratoriyalar 24 saat fəaliyyətdə olmalıdır. Digər tərəfdən özəl sektor da bu işə cəlb olunmalı, onlara dövlət tərəfindən ödənişlər olunmalıdır. Bu analizlərin qiyməti ucuz deyil. Qısa müddətdə bu üsuldan istifadə etmək olar. Hesab edirəm ki, bu qısa müddətlik bir haldır. Yaxın 10-14 günə bu proses yavaş-yavaş sönüb gedəcək. Əgər xəstə işə gedirsə, ona bülleten açılmalıdır. Karantin qaydaları qoyulmalıdır. Təkcə testin analizi yox, klinik diaqnoz əsasında müəyyənləşdirib onlara bülleten açaraq xəstəyə evdə qalmağı tövsiyə edilə bilər. Başqa çıxış yolu yoxdur. Çünki yoluxma kütləvidir və səhiyyə sistemi yüklənib. Gündəlik 7 mindən artıq yoluxmanın nəticələrini laboratoriyalar çatdıra bilmir. Ona görə analiz verən sistemlərin sayını artırmalı, əlavə klinikaları bu işə cəlb etməliyik. Yaxud da analizdən kənar klinik diaqnoz əsasında bu məsələ tənzimlənməlidir”.
Şəbnəm Mehdizadə












