Avtobusda maska taxmaq məcburidir - BNA-dan AÇIQLAMA
Ölkədə koronavirusa yoluxanlarının sayının günü-gündən artdığı bir vaxtda hələ də məsuliyyətsiz davranan şəxslər var. Xüsusilə avtobuslarda sürücülərin və sərnişinlərin bəziləri tibbi maskadan istifadə etmir. Bu məsuliyyətsizliyə etiraz etdikdə isə bəzi sürücülərdən "bizə deyiblər ki, vaksin olunmsunuzsa, maskaya ehtiyac yoxdur" cavabını eşidirik.
Məsələni dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, avtobusda maska taxmaq məcburidir:
“Sürücü də, sərnişin də mütləq maska taxmalıdır. Daşıyıcılarla keçirilən görüşdə də onlara tapşırıqlar verilən zaman hər dəfə bu məsələ onların diqqətinə çatdırılır. Sükan arxasında olduğu zaman sürücü mütləq qaydada tibbi maskadan istifadə etməlidir. Lakin bu məsələyə nəzarəti BNA etmir. Digər qapalı yerlərdə olduğu kimi avtobuslarda da vətəndaşların maska taxıb-taxmamasına polis nəzarət edir. Biz isə öz növbəmizdə daşıyıcı şirkətlərə müvafiq göstərişlər veririk”.
Şəbnəm Mehdizadə












