Robert Köçəryan, Serj Sarkisyan istintaqa cəlb olunmalıdır - AÇIQLAMA
Xocalı soyqırımının 30-cu il dönümüdür. 30 il əvvəl ermənilər SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək Azərbaycan xalqına qarşı misli görülməmiş vəhşilik törətdi, əli yalın dinc sakinlərə divan tutdu. Lakin 30 il ərzində bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədən şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. Bəs görəsən, 30 il keçməsinə baxmayaraq, o dövrdə Qarabağdakı separatçılara rəhbərlik edən Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri istintaqa cəlb oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin professoru, beynəlxalq hüquq üzrə mütəxəssis Əmir Əliyev bildirdi ki, bu məsələ beynəlxalq hüquq çərçivəsində mütləq həll edilməlidir:
“Xocalı soyqırımı beynəlxalq cinayətdir. O vaxt Ermənistan müstəqil dövlət idi. Azərbaycana qarşı törədilən bu soyqırımı dünyanın bir çox dövlətləri, hökumətləri, parlamentləri tərəfindən tanınıb. Bu cinayətin törədilməsində həmin dövrdə Ermənistanda və qondarma Dağlıq Qarabağda mövcud hakimiyyət, qondarma rejimin bütün strukturları və o cümlədən də Ermənistan dövləti başda olmaqla tam məsuliyyət daşıyır. Ermənistanın o dövrdəki prezidenti, baş naziri və bu cinayəti törədənlərin hamısı məsuliyyətə cəlb edilməlidir. Bu, birmənalıdır. Soyqırım cinayətinə və eləcə də digər cinayətlərə də iddia müddəti tətbiq edilmir. Yəni Ermənistan və digər dövlətlər də bilməlidir ki, bu cinayətə görə məsuliyyət məsələsi hökmən həll ediləcək. Ola bilsin ki, bu gün beynəlxalq təşkilatlar və digər dövlətlər buna göz yumur. Amma bu məsələ beynəlxalq hüquq çərçivəsində mütləq həll edilməlidir”.
Ə.Əliyev bildirdi ki, bu cinayəti törədənlər hökmən məsuliyyətə cəlb edilməlidir:
“Məsuliyyət iki istiqamətdə olmalıdır. Birincisi fiziki, ikincisi dövlətin - Ermənistan dövlətinin məsuliyyəti müəyyən edilməlidir. Çünki bu cinayəti Ermənistan dövləti törədib. Robert Köçəryan, Serj Sarkisyan və cinayət rejiminin digər nümayəndələri istintaqa cəlb olunmalıdır. Təzminat məsələsi isə birmənalıdır. Ermənistan uzun illər ərzində Azərbaycanın 20 faiz ərazisini işğal edib. BMT Təhlükəsizlik Şurasının bu barədə müvafiq qətnamələri var. 822, 853, 874 və 884 nömrəli qətnamələrində açıq-aşkar göstərilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib. Fakt müəyyənləşib ki, o ərazilər hansı vəziyyətdədir. Bu ərazilərdən bir neçəsini Ermənistan özü boşaltdı və Azərbaycana təhvil verdi. Bütün bunlara görə Ermənistanın məsuliyyəti hökmən müəyyən ediləcək və Ermənistan dövləti heç bir halda bundan qaça bilməz. Bu, onların məsuliyyətidir. Lakin bunun üçün beynəlxalq təşkilatların qərarları olmalıdır, müvafiq beynəlxalq tribunallar yaradılmır. Bununla bağlı beynəlxalq təcrübə var. İraq təcrübəsi buna nümunədir. Məsələ bunun üzərində qurulmalı və Ermənistanın məsuliyyəti müəyyən edilməlidir”.
Şəbnəm Mehdizadə












