Nazir rəisi işdən çıxarmayıb? - YENİLƏNİB
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılması xəbərini təkzib edib.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir.
"Dövlət Avtomobil Nəqliyyatı Xidmətində heç kim işdən çıxarılmayıb", - nazirlikdən bildirilib.
***
Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.
Redaktor.az "qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.












