Zəngilana nə vaxt qaz çəkiləcək? - RƏSMİ
"Şuşa və Ağdam şəhərinə yeni çəkiləcək qaz xətlərinin marşrutları müəyyən olunub və Dövlət Şəhərsalma və Arxitektura idarəsinə təqdim olunub".
Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib. O, bildirdi ki, işğaldan azad edilmiş ərazilərin ümumi inkişaf planı demək olar ki, hazırlanıb:
"İlk növbədə Ağdam və Şuşa şəhərinin qazlaşdırılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhər daxili paylayıcı şəbəkənin qurulması üçün layihələndirmə işlərinə başlanılıb. Həm Şuşa, həm Ağdam şəhərinə yeni çəkiləcək qaz xətlərinin marşrutları Dövlət Şəhərsalma və Arxitektura idarəsinə təqdim edilib. Bununla yanaşı "Azəriqaz" tərəfindən layihələndirmə işləri də aparılır".
Şöbə rəisinin dediklərindən o da məlum oldu ki, mart ayında Ağdam şəhərinin qaz xətlərinin layihələndirilmə başa çatmalıdır.
"Şuşa şəhəri ilə bağlı isə bir qədər vaxt lazımdır. Bu da baş planın hazırlanmasına görədir. Planlaşma işləri başa çatdıqdan və maliyyə məsələləri həll olunduqdan sonra bilavasitə şəhərdaxili paylayıcı şəbəkənin quraşdırılması işləri aparılacaq",- o, dedi.
T.Cəfərov qeyd etdi ki, işğaldan azad edilmiş digər ərazilərdə qazlaşdırma işləri həmin ərazilərin baş planının təsdiq edilməsindən asılıdır:
"Bütün kommunal xidmətlər baş plana uyğun olaraq layihələndirilir. Bunun üçün ilk növbədə magistral qaz xətləri çəkilməlidir. Zəngilan istiqamətində magistral qaz kəmərinin layihələndirməsi işləri aparılır. Lakin işlər tam başa çatmayıb. Zəngilanda salınan ağıllı kənd pilot layihədir. Yəqin ki, növbəti mərhələlərdə Zəngilan rayonunun digər əraziləri qazlaşdırılacaq.".
Şəbnəm Mehdizadə












