Rusiya getdikcə bataqlığa sürüklənir
İlk olaraq, Rusiya-Ukrayna müharibəsinə beynəlxlaq hüquq elminin tələbləri nöqteyi-nəzərindən yanaşmağın və müqayisəli təhlil aparmağın tərəfdarıyam. Ukraynada törədilən beynəlxalq cinayətlərə görə Rusiya siyasi və hərbi rəhbərliyinin birmənalı olaraq, beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsaslar var. Rusiyanın açıq formada beynəlxalq hüquq normalarına əhəmiyyət verməməsi və gücə arxalanması zamanla formalaşdı. Əminliklə deyərdim ki, bunu Amerika, Fransa və Böyük Britaniya formalaşdırdı.
Bu gün Rusiya silahlı qüvvələri açıq-aşkar, dünyanın gözü qarşısında müharibə cinayətləri törədir, ümumiyyətlə, hərbi zərurətlə əlaqəli olmayan yaşayış məskənlərini hücuma məruz qoyur, dinc mülki insanları öldürür, işgəncələr verirlər. Normal bir hal kimi bu əməllərini daha da qəddarcasına törətməkdə davam edirlər. Bəlkə də zamanla Amerikanın törətdiyi əməllər və cəzasızlıq Rusiyanı ruhlandırdı. Axı eyni əməlləri Ameika da az törətməmişdir. Vaxtilə, Vyetnam müharibəsində Amerikanın beynəlxalq təhlükəsizliyə vurduğu zərər uzun illərdir insanların təfəkküründə silinməz izlər buraxdı. Bu müharibə zamanı 3 milyondan çox insan öldürüldü, bunların çoxu Vyetnamın dinc mülki əhalisi idi. Bununla bərəabər, Vyetnamda istifadə olunan kimyəvi silahlar demək olar ki, bütün canlıları, təbiəti məhv etdi, amma sonradan insanları inandırmağa çalışdılar ki, bu kimyəvi silahlar, o qədər də öldürücü təsirə malik deyil. Bundan başqa, BMT Təhlükəsizlik Şurası üzvlərinin rəylərini nəzərə almadan İraqda hərbi əməliyyatlara başladı, dinc mülki əhali kütləvi şəkildə işgəncələrə məruz qaldı, öldürüldü, nə qədər körpələr həyatlarını itirdilər. Amerika hərbçiləri Əbu-Qrayb həbsxanasında insanlara dəhşətli işgəncələr verdilər. Çılpaq məhbusların piramidaya yığılması, cinsi hərəkətləri imitasiya etməyə və alçaldıcı pozalar verməyə məcbur edilməsi buna nümunədir. Yenə də dünyanı inandırmağa çalışdı ki, İraqda insan hüquqları ciddi şəkildə pozulduğu üçün humanitar müdaxilənin tətbiqi qaçılmazdır. Nəticə etibarilə, törədilən müharibə cinayətləri cəzasız qaldı.
14 aprel 2018-ci ildə ABŞ, Fransa və İngiltərə ilə birlikdə Suriya hədəflərinə hava zərbəsi endirib. ABŞ hökumətinin BMT Təhlükəsizlik Şurasındakı bəyanatında (https://www.securitycouncilreport.org/atf/cf/%7B65BFCF9B-6D27-4E9C-8CD3 CF6E4FF96FF9%7D/s_pv_8233.pdf#page=5) beynəlxalq hüquqa uyğun olaraq güc tətbiqinə haqq qazandırmaq üçün çox ciddi çalışdı və beynəlxalq ictimaiyyəti buna inandırdmağa cəhd göstərdi. Təbii ki, bunları müşahidə edən Rusiya eyni ssenari əsasında fəaliyyətə başladı: Çeçenistan, Gürcüstan, Suriya, Ukrayna. Nə olursa olsun bunun yalnız bir adı var. Müstəqil ölkənin suverenliyinə güc tətbiq edərək təcavüz etmək. Sadəcə, Amerika ilə Rusiyanın güc tətbiqində kifayət qədər fərqlilik var. Amerikanın Rusiyadan fərqi odur ki, o, hərbi əməliyyatlara başlamazdan öncə bunun vacib olduğuna beynəlxalq ictimaiyyəti inandırmağa çalışır və əməliyyatdan öncə və sonra kifayət qədər beynəlxalq dəstəyi olur. Rusiya isə dünyadan təcrid olunduğu, heç bir dəstəyinin olmadığı, çox ağır sanksiyalarla üz-üzə olduğunu görür və siyasi manevr etmək əvəzinə, getdikcə bataqlığa doğru sürüklənir. Artıq burada siyasətə deyil, gücə və heç kəslə hesablaşmamağa üstünlük verilib. Unutmaq olmaz ki, dünyadan tam təcrid olumaqla inkişaf etmək olmaz. Hesab edirəm ki, bunu Putin Rusiyası özü də yaxşı dərk edir, sadəcə ambisiyalar, dünyada yaratdıqları qorxu hissinin darmadağın olması geri çəkilməyə imkan vermir. Əminəm ki, Rusiyanın bu əməllərinə göz yumula bilməz. Hələ Gürcüstana hərbi müdaxiləsi zamanın Rusiyanın hərbi və siyasi rəhbərlərinin beynəlxalq cinayət məsuliyyətinin araşdırılması ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi işə başladı və təəssüf ki, sonradan o da yarımçıq qaldı. Ukrayna müharibəsində daha ciddi yanaşılmalıdı bu məsələyə. Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsi Statutunun iştirakçısı olmaması onun məsuliyyətdən kənarda qalmasına səbəb ola bilməz. Burada beynəlxlaq sülh və təhlükəsizliyin pozulması, beynəlxalq cinayətlərin baş verməsi önə çəkilməli və birmənalı olaraq, Ukraynada dinc mülki əhalinin öldürülməsi, xəstəxanaların, yaşayış obyektlərinin, tarixi mədəniyyət abidələrinin, elmi mərkəzlərin, uşaq bağçalarının bombalanması beynəlxalq humanitar hüquq normalarına görə ciddi pozuntulardır və müharibə cinayətləridir. Beynəlxalq humanitar hüququn əsas qaydası ondan ibarətdir ki, mülki şəxslər hərbi əməliyyatlar nəticəsində yaranan təhlükədən ümumi müdafiədən istifadə etməlidirlər. Mülki toxunulmazlıq qaydası beynəlxalq adət hüququn “ən qədim fundamental prinsiplərindən” biridir, yəni münaqişənin xarakterindən asılı olmayaraq, o, münaqişənin bütün tərəfləri üçün məcburidir. Münaqişədə iştirak edən qeyri-dövlətlər də beynəlxalq adət-ənənələrin normalarına hörmət etməyə borcludurlar. Hər zaman mülki şəxslərə qarşı hücumlar etmək qadağandır; həqiqətən də mülki şəxslərin mülki statusunu bilə-bilə onlara qəsdən hücum etmək müharibə cinayətidir. Beləliklə, hər bir vəziyyətdə qeyri-döyüşçüləri döyüşçülərdən ayırd etmək və ayırmaq hücumçu üçün vacib vəzifədir.
Müəyyən edilmiş adət hüququ statusuna əlavə olaraq , mülki toxunulmazlıq prinsipi çoxsaylı müqavilələrdə əks olunmuşdur. Prinsipin ən aydın ifadələrindən biri Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 51(2) maddəsində öz əksini tapıb, burada deyilir:
“Mülki əhali, eləcə də ayrı-ayrı mülki şəxslər hücum obyekti olmamalıdır. Əsas məqsədi mülki əhali arasında terror yaymaq olan hərəkətlər və ya zorakılıq təhdidləri qadağandır.
Qəsdən dinc insanları hədəfə alaraq, öldürücü bomba hücumları müharibə qanun və adətlərini açıq şəkildə pozur. Mülki əhalinin hədəfə alınmasına qarşı qadağa bütün hallarda, o cümlədən tərəfin öz mülki əhalisinə hücumlarına cavab olaraq bu cür hücumları həyata keçirdikdə (aşağıda müzakirə olunur) qüvvədədir.
Mülki və hərbi hədəflər arasında fərq prinsipi I Protokolun 48-ci maddəsində təsbit edilmişdir:
“Mülki əhaliyə və mülki obyektlərə hörmət və mühafizəni təmin etmək üçün münaqişə tərəfləri hər zaman mülki əhali ilə döyüşçülər, mülki obyektlər və hərbi məqsədlər arasında fərq qoymalı və müvafiq olaraq öz əməliyyatlarını yalnız hərbi obyektlərə qarşı yönəltməlidirlər”.
Bu gün Rusiya Cenevrə Konvensiyalarının bu müddəalarına qətiyyən əməl etmir, əksinə silahlü qüvvələrin qarşısına çıxan mülki şəxslər ictimaiyyətin gözü qarşısında amansızlıqla öldürülür. Bir daha vurğulayıram ki, Rusiyaya bu cəsarəti həmin supergüclər vermiş oldu, öz maraqlarının təmin olunması istiqamətində beynəlxalq hüququ ayaq altına atdılar, beynəlxalq birliyin inamını sarsıtdılar, bunun nəticəsidir ki, münaqişələrlə bağlı BMT, NATO və digər beynəlxalq qurumların toplantılarına qeyri-ciddi yanaşır insanlar, bilirlər ki, bunların qərarları deklerativ xarakter daşıyacaq. Bəlkə, zamanında Amerikanın da törətdiyi cinayətlər cəzasız qalmasa idi bunlara yenidən şahidlik etməzdik. Təəssüf ki, Amerika bütün əməliyyatlarına, inanılmasa belə, siyasi-hüquqi don geydirməyi bacarır. Amerikanın bütün əməliyyatlarında beynəlxalq hüquq, güc və siyasət məqsədli şəkildə paralel tətbiq olunur. Bir sözlə, müharibə siyasətin başqa formada davam etdirilməsidir. Amma Rusiyanın Ukrayna fəaliyyəti siyasət deyil, məcburi diplomatiyadır. Artıq bunun nə olmasından asılı olmayaraq, inanmaq istərdim ki, Rusiya-Ukrayna müharibəsi yeni dünya düzəninin formalaşması və beynəlxalq hüquq normalarına inamın bərpa olunmasına şərait yaradacaq.
Əlövsət Allahverdiyev,
Beynəlxalq hüquq üzrə mütəxəssis












