Millət vəkili şəhid anaları ilə görüşdü - FOTO

 20:42 06.03.2022     1114

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva ilə görüşüb.

Redaktor.az xəbər verir ki, millət vəkili şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

"Əziz şəhid anası, biz sizinlə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində görüşürük. Bayramlarda anılmaq, təbrik edilmək ən çox sizin haqqınızdır. Sizi və ailənizin xanım üzvlərini 8 Mart, bütün doğmalarınızı qarşıdan gələn əziz Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm! Fuad evin tək oğlu idi. İdmançı idi, kollec təhsili almışdı. Oğlunuz hələ Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil aldığı illərdə böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olmuş, sonra Bakı Olimpiya İdman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə uğurla məzun olmuşdur. 2011-2014-cü illərdə Mingəçevir Turizm Kollecində Bədən tərbiyəsi fakültəsinə oxuyan Fuad, bütün bunlarla yanaşı, həvəskar dizayn-dekor işləri ilə də məşğul olmuşdur. Oğlunuz 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. O, Azərbaycan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətindəki döyüşlərdə iştirak etmiş, öz cəsurluğu ilə seçilmişdir. Fuad Şuşa istiqamətində - Daşaltıda gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olmuşdur.

Fuad Xankişiyev Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Vətən uğrunda" (15.12.2020), "Xocavəndin azad olunmasına görə" (25.12.2020), "Füzulinin azad olunmasına görə" (25.12.2020), "Şuşanın azad olunmasına görə" (24.06. 2021), "Cəsur döyüşçü" (24.06.2021) medalları ilə təltif olunmuşdur. Şəhidlərimiz bizim müqəddəs and yerimizdir. Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anası-atası da bizimçün əzizdir. Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir. Şəhid ailələrimizə ali dövlət rəhbərliyinin göstərdiyi yüksək diqqət-qayğı bizlər üçün mühüm örnəkdir. Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm. Xahiş edirəm, bizim salam-sayğılarımızı bütün doğmalarınıza yetirin”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Fuad Şöhrət oğlu Xankişiyev (12.04.1996, Mingəçevir – 03.11.2020, Daşaltı) 06.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub. Ruhu şad olsun!

***

Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Tərxan Qurbanovun anası Elmira Qurbanova ilə də görüşüb.

Komitə sədri şəhid anasını dinləyib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anası, biz sizinlə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində görüşürük. Bayramları ən çox haqq edən sizlərsiz. Sizi və ailənizin xanım üzvlərini 8 Mart, bütün doğmalarınızı da qarşıdan gələn milli bayramımız Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimizi yetirirəm! Sizin oğlunuz Tərxan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla savaşıb və şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Tərxan Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Oğlunuz həmçinin Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhidlərimizin ruhu bizim hər birimiz üçün müqəddəs and yeridir. Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anaları-ataları da bizimçün əzizdir. Şəhid ailələri hər zaman böyük ehtirama layiqdir. Şəhid ailələrimizə ali dövlət rəhbərliyinin göstərdiyi yüksək diqqət-qayğı bizlər üçün bir nümunədir. Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm. Lütfən, bizim salam-sayğılarımızı bütün doğmalarınıza yetirin”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tərxan Zabit oğlu Qurbanov 29 iyun 1996-cı ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olub, 2020-ci il noyabrın 6-da Xocavənddə şəhid olub. Ruhu şad olsun!

Vumart və Güvən reklamı Vumart Güvən