Daxili Qoşunlarının yaranmasından 30 il ötür

 09:37 12.03.2022     1276

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 30 il ötür.

Redaktor.az xəbər verir ki, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Vumart və Güvən reklamı Vumart Güvən