Toponimlərimizə qarşı diqqətli olaq - Deputatdan mətbuata İRAD

 13:33 13.03.2022     1142

Toponim xalqın milli yaddaşıdır, tariximizin, milli kimliyimizin sözlərdə faktlaşmış bir parçasıdır. Toponimlərimizə hörmətlə yanaşmalıyıq və diqqətli olmalıyıq. Xüsusi ilə, indi Ermənistan adlı qondarma dövlətin yerləşdiyi torpaqlarımızdakı yer adlarımıza.

Bunu bizə Vətən deyir, qanlı- qadalı, coxumuzun hələ də ibrət götürmədiyimiz son 200 ilin tarixi deyir!

Kəlbəcərdə olarkən cənab Prezident İlham Əliyev üzünü Göyçəyə tərəf tutaraq bu qədim yurdumuzdakı yer adlarının ermənilər tərəfindən dəyişdirilməsini xalqımıza qarşı soyqırım və etnik təmizləmənin tərkib hissəsi olduğunu qeyd etmiş, milli toponimlərimizin bərpa edilməsinin vacibliyini vurğulamış, bütün informasiyalarda ermənilərin uydurduğu qondarma terminlərdən deyil, o yerlərin əsil tarixi adlarından istifadə etməyimizin vacibliyini tövsiyə etmişdir.

Torpağın, bizə məxsus ərazinin adına biganə yanaşmamızla Vətənə biganəliyimiz arasında o qədər də fərq görmürəm.

"Oxu.az" saytında bir xəbər rastıma çıxdı, başqa saytlar və internet televiziyalar da bu xəbəri paylaşıblar. Əslində, xəbər kimi o qədər də əhəmiyyətli bir şey deyil, ancaq toponimlərimizə savadsız və biganə münasibət ortadadır və narahatlıq doğurmaqdadır:

"Ermənistanın cənubunda yerləşən Sünik əyalətinə gedən yol bu gün dağılaraq yararsız hala düşüb.

Hadisəni Vorotanın (Bazarçay) meri Suren Oqandjanyan da təsdiqləyərək yolun sürüşmə nəticəsində dağıldığını bildirib".

Əvvəla "Sünik" deyil, " Zəngəzur", yaxud Qərbi Zəngəzur olmalıdır. İkincisi kəndin adının "Vorotan" yazıb mötərizədə guya əsil adının "Bazarçay" kimi göstərilməsi də tamamilə yanlışdır.

Aydınlıq üçün qeyd edim ki, "Bazarcay" termini hidronimdir və Zəngəzurun ən bolsulu çaylarından birinin adıdır. Bu dağ çayı Sisyan və Gorus rayonlarının ərazisindən "Bazarcay" adı ilə keçir, Qubadlı rayonu ərazisində isə Bərgüşad adlanır, Həkəri çayına qovuşaraq Araza tökülür.

Ermənilər 1968 - ci ildə Bazarçayın adını dəyişdirərək "Voronan" adlandırıblar və o vaxtdan bu olkənin bütün rəsmi sənədlərində çay bu adla adlanır.

Eyni ildə, Bazarçayın üzərindəki iki kəndin adını da dəyişdirib "Vorotan" qoymuşlar. Bunlardan biri Sisyan rayonunda yerləşən, mənim doğulub böyüdüyüm qədim tarixə malik Urud kəndi, digəri isə, Gorus rayonunda Qafan-Gorus şosse yolunun üstündə, Qubadlı rayonunun sərhədində yerləşən axar- baxarlı Şahverdilər kəndidir.

Saytın xəbərində qeyd olunan hadisə məhz, Qərbi Zəngəzurun (fikrimcə, artıq Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə bağlı biz Zəngəzurun Ermənistandakı bölgəsini "Qərbi Zəngəzur" kimi ifadə etməli, sənədlərə və yaddaşlara bu cürə köçürməliyik) Gorus rayonu ərazisindəki Şahverdilər (erməni mənbələrində "Vorotan") kəndi yaxınlığından keçən yolun sürüşmə nəticəsində dağılması ilə bağlıdır. Yəni, xəbərdə adı gedən "Vorotan" kəndi "Bazarçay" kəndi deyildir, Şahverdilər kəndidir.

Tarixi Bazarçay kəndi isə Sisyan rayonunda, Gorus-Şahbuz şosse yolu üzərində yerləşir və ötən əsrin sonlarına qədər o kənddə molokanlar (duxoborlar) yaşayırdı.

İnanıram ki, peşəkarlığına və səviyyəsinə hörmət bəslədiyim, daimi izləyicilırindın biri olduğum "Oxu.az" saytı bu kiçik qeydimi qərəzli tənqid kimi deyil, səmimi dost münasibəti kimi qəbul edəcəkdir.

Arzu edirəm ki, bundan sonra bütün KİV- əməkdaşları, söz və qələm adamları, sosial şəbəkə istifadəçiləri toponimlərlə bağlı yazılarında və verilişlərində ermınilərin qonrarma və çirkin terminlərindən deyil, özümüzün əsil, gözəl səslənən, tariximizin və milli yaddaşımızın daşıyıcısı olan toponimlərimizdən bəhrələnsinlər.

Musa Quliyev, 

Milli Məclisin deputatı

Vumart və Güvən reklamı Vumart Güvən