"Çörəyin, yağın, tikinti materiallarının bahalaşması gözlənilir" - İqtisadçı ekspertdən PROQNOZ
Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa İttifaqı, ABŞ və daha bir neçə ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, rəsmi Moskvanın da öz növbəsində müəyyən addımlar atmasına gətirib çıxarıb. Belə ki, Prezident Vladimir Putinin fərmanı ilə bir çox məhsulların dünya ölkələrinə ixrac edilməsinə qadağa qoyulub.
Maraqlıdır, görəsən Ukrayna ərazisində müharibədən dolayı ixracın dayanmasının, Rusiyanın isə məlum qərarının dünyaya, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, artıq Şimali Amerika bazarında taxıl qiyməti birdən-birə sürətlə artıb:
“Rusiya və Ukrayna taxıl bazarında dünyada 40 faizlik paya malik idi. Bu böyük bir paydır. Ukrayna təcavüzə məruz qaldığı üçün artıq istehsal və ixracla, əkin-biçinlə məşğul ola bilmir. İndi Ukraynanın tamamilə kənarda qalması, Rusiyanın isə taxıl məhsullarının satışına, ixracına qadağa qoyması bu bazarda ciddi dalğalanmalar və bahalaşma yarada bilər. Hətta müəyyən qıtlığa da səbəb ola bilər. Hələlik Avropa bazarında qiymətlər bir az fərqlidir, daha ucuzdur. Amma Şimali Amerika bazarı artıq buna reaksiya verdi. İki gündür Şimali Amerika bazarında taxılın qiyməti birdən-birə 1 ton üçün 100 dollar qalxaraq 300 dollardan 400 dollar oldu. Bu çox ciddi bir artımdır. Ona görə də müəyyən qıtlıq və bahalıq ola bilər”.
O, qeyd etdi ki, digər bir ciddi məsələ bitki yağları ilə bağlıdır:
“Günəbaxan və qarğıdalı yağının dünya bazarında ixracatında Rusiya və Ukrayna, əsasən də Ukrayna 60 faizlik paya malik idilər. Yaxın həftələrdə dünya bazarında bitki yağlarının, o cümlədən qarğıdalı və günəbaxan yağının, əsasən də günəbaxan yağının kəskin artması, bahalaşması gözlənilir. Bir müddətdən sonra bitki yağları ilə bağlı qıtlıq da ola bilər. Çünki taxılla bağlı belədir ki, ölkələr təcili olaraq taxıl əkininin artırılması və taxılın bir çox yerlərdə əkilməsi ilə bağlı qərarlar verə bilər. Günəbaxan və qarğıdalı yağının hazırlanması üçün isə zavodlar, daha uzun bir texnoloji proses, zaman lazımdır”.
İqtisadçının sözlərinə görə, bu addımın Rusiyanın ərzaqdan başqa ixrac etdiyi digər məhsullara da təsiri olacaq:
“Rusiyanın neft-qazdan kənar əsas ixracı tikinti materialları və taxta-şalbandır. Burada hələ ki tam qadağalar yoxdur. Amma logistikanın, pul köçürməsinin bahalaşması, Rusiyanın sanksiyalar altında olması taxta-şalban ixracatını da zəiflədə bilər. Bu da dünyada tikinti materialları bazarında növbəti qiymət artımına təsir göstərə bilər”.
Həmsöhbətimiz qeyd etdi ki, bütün dünyada baş verən proseslər Azərbaycandan da yan keçməyəcək:
“Azərbaycan xaricdən aldığı taxılda 50 faizdən yuxarı Rusiyadan asılı idi. Əlavə mənbələr bizim üçün ya Ukrayna idi, ya Qazaxıstan. Təbii ki, indiki şəraitdə Ukraynadan taxıl almaq mümkün deyil. Yəqin ki, Azərbaycan hökuməti də Qazaxıstanla əlavə müqavilələr bağlamağa məcbur qalacaq və daha baha olan Qazaxıstan taxılını ölkəyə gətirəcək. Bu da ölkədə un məmulatlarının və çörəyin növbəti bahalaşması ilə nəticələnə bilər. Həmçinin ölkə bazarında bitki yağlarının, o cümlədən tikinti materiallarının da bahalaşması gözlənilir. Çünki bütün dünya bahalaşma, inflyasiya sürətlənməsinə doğru gedirsə, Azərbaycan da kənarda qala bilməz”.
Natiq Cəfərli sonda bildirdi ki, Azərbaycanın ərzaq ehtiyatları toplanıldığı üçün qıtlıqla bağlı ciddi narahatlığa ehtiyac yoxdur:
“Taxılla bağlı hələ 280 günlük ehtiyatımız var. Yəni qıtlıq olması ehtimalı çox aşağıdır. Bitki yağları ilə də bağlı deyilənə görə 2 aylıq ehtiyatlar var. 2 aydan sonra ola bilər müəyyən problemlər çıxsın. Amma taxta-şalban və tikinti materialları bazarında qiymətlərin kəskin artması artıq bir neçə gündür hiss olunur”.
Zərif ÜLVİQIZI












