COVİD-19 pasportu tələbi aradan götürülsün - Deputatlar

 12:57 18.03.2022     1922

Baş nazir Əli Əsədovun imzaladığı qərarla martın 6-dan etibarən toylarda say məhdudiyyəti ləğv olunub, yas mərasimlərinin keçirilməsinə isə icazə verilib. Lakin toylarda say məhdudiyyəti ləğv olunsa da, COVİD-19 pasportlarının və immunitet sertifikatlarının yoxlanılması hələ də qüvvədədir. Yas mərasimlərində isə belə yoxlama yoxdur. O zaman toylarda niyə bu qanun qüvvədədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa deyir ki, yaslara nəzarət etmək bir az problemdir:

“Çünki qəfildən düşür və harada keçiriləcəyi bilinmir. Xüsusilə də çox vaxt evlərdə keçirilir. Amma toylar şadlıq evlərində təşkil edilir. Ona görə də orada yoxlama imkanları daha genişdir. Hər hansı bir COVİD xəstəsi aşkarlanarsa, tez ortaya çıxarmaq olur. Amma bütövlükdə fikirləşirəm ki, tədricən yoxlamanı aradan götürmək lazımdır. Onsuz da o yoxlamanın mahiyyətcə proseslərə təsiri yoxdur. Əlavə məsrəf və qüvvədir. Ona görə COVİD-19 pasportunun aradan qaldırılması hər halda məqsədəuyğundur. Yəqin ki, tədricən yaxın zamanlarda götürülər”.

Deputat Razi Nurullayev isə bildirir ki, yasda yoxlanmayıb, amma toyda yoxlama, bunlar hamısı qeyri-ciddi ab-hava yaradır:

“Əslində artıq toylarda da pasportların yoxlanılması aradan qaldırılmalıdır. Bunun tətbiq olunmasının səbəbi o idi ki, insanları təşviq etsinlər ki, hər kəs üçüncü dozanı vurdursun. Bu gün Azərbaycanda demək olar ki, əhalinin xeyli hissəsi vaksin olunub. Gündə 50-60 nəfər vaksin olunur. Onun üçün də artıq ciddi bir təhlükə yoxdur. Əlbəttə ki, bu qadağalar aradan götürülməlidir. Ümumiyyətlə bu qanun qüvvədən düşsə, vətəndaşlarımız da daha rahat nəfəs almış olar”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən