"Azəriqaz"da şikayətçilərin iştirakı ilə sayğaclar yoxlanıldı - FOTO

 19:35 18.03.2022     698

"Azəriqaz" İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası bu gün "Azəriqaz" İB-nin Metrologiya Departamentində keçirildi.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistləri salamladı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Azəriqaz İstehsalat Birliyi yanında ictimai şuranın təşəbbüsü ilə "Elin gözü tərəzidir" aksiyasının keçiriləcəyini bildirdi:

“Bu aksiyanın keçirilməsində məqsəd ictimai şuraya daxil olan müraciətlərdir. Vətəndaşlar bildirir ki, mexaniki tipli sayğacların sərfiyyatı daha artıqdır. 104 çağrı mərkəzinə həftə ərzində çoxsaylı abonentlər müraciət ediblər. Onlar sayğaclarının sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərini bildirdilər və qeydiyyata düşdülər. Sayğaclar departamentə gətirilib. Abonentlərin və media nümayəndələrinin iştirakı ilə sayğaclar sınaqdan keçiriləcək”.

Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov isə çıxışında bildirdi ki, sayğaclar iki halda departamentdə yoxlanılır:

“Ya vətəndaş müraciət edir ki, sayğacımdan şikayətçiyəm, istəyirəm yoxlanılsın. Yaxud da mütəxəssislərin fikri ilə də müdaxilə halları, texniki qüsur olduqda vaxtı çatmamış da sayğac çıxarıla bilər. Xüsusi qutuya qoyulur və blomblanır. Abonentin iştirakı ilə sayğac açılır. Satış departamentimizdən vətəndaşlara smslər göndərilir ki, onların iştirakı ilə sayğaclar yoxlanılsın. Vətəndaşları dəvət edirik, lakin gəlmirlər. Gələnlərin sayı çox azdır. Göndərilən smslərin 1-2 faizi civarında insanlar gəlir. Onların iştirakı ilə vizual baxış keçirilir, stend nəticələri təqdim olunur, görülmüş işlər aktlaşdırılır, sənədləşdirilir. 100-dən çox abonent gəlib, lakin sayğacın artıq yazması hallarına rast gəlinməyib”.  

Şöbə rəisi Rövşən Məhiyəddinov da sayğacların yoxlanılması prosesində abonentlərin iştirak etməməsindən şikayətləndi:

“Sosial şəbəkələrdə şikayətlərini yazırlar. Lakin tədbirlərdə gəlib iştirak edən az olur”.

Çıxışlardan sonra mediya nümayəndələrinin sualları cavablandırıldı.

Daha sonra isə mediya nümayəndələri və abonentlər laboratoriya otaqlarına üz tutdular. Orada şikayətçi abonentlərin iştirakı ilə sayğacların ilkin yoxlanma prosesi həyata keçirildi. İlkin baxış zamanı sayğaclarda problem aşkar olunmadı.

Zərif ÜLVİQIZI

222
Vumart və Güvən reklamı Vumart Güvən