İsmayıllıda 1 metr qar yağdı, uçqun oldu - VİDEO
“Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür”.
Redaktor.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O qeyd edib ki, hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Basqal qəsəbəsi ərazisindəki yollar qar və buzdan təmizlənir: “Hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Hazırda yollar nəzarət altındadır, avtomobillərin hərəkəti davam edir”.
"Bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik", - İdarə rəsmisi bildirib.
Qeyd edək ki, ötən gün qarın yağması ilə əlaqədar Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qar uçqunu baş vermişdi. Qar uçqunu səbəbindən avtomobillərin hərəkəti tamamilə iflic olmuşdu (report).
***
Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar kəndlərə gedən yolların bağlanmasına səbəb olub.
Redaktor.az xəbər verir ki, rayonun yüksək dağlıq ərazisində yerləşən kəndlərdə qarın hündürlüyü 1 metrə çatıb.
Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar görünmür, əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür.
Hazırda kənd yollarında qalın qar örtüyü olduğuna görə, yerli sakinlər bir neçə gündür ki, nəqliyyat vasitələrini küçəyə çıxara bilmir, qarın əriməsini gözləyirlər. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə evin, tövlənin və yardımçı tikilinin dam örtüyü qarın təsirindən çöküb.
Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub (apa).












