Bu məhsullarda 30-40 faiz BAHALAŞMA
Azərbaycanda 2022-ci ildə də ərzaq qiymətlərində yüksək artım müşahidə edilir.
Redaktor.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, bu ilin fevralında ərzaq qiymətləri ötən ilin fevralı ilə müqayisədə 17,5 faiz artıb. Ərzaqda bahalaşma digər məhsul qrupları ilə müqayisədə çox yüksək olub.
Bəs, hansı əsas ərzaq məhsullarının qiymətində artım daha böyükdür?
Bu ilin daha çox bahalaşan əsas ərzaq məhsulları arasında çörəklərin də xüsusi payı var. Cari ildə bütün növ çörəklərin qiyməti 30 faiz və daha çox artıb.
O cümlədən, əla növ buğda çörəyinin bir kiloqramının qiyməti 39,5 faiz artaraq 0,83 manatdan 1,15 manata, çovdar çörəyinin qiyməti 32,4 faiz artaraq 1,23 manatdan 1,63 manata, qarışıq undan bişirilən çörəyin qiyməti isə 30 faiz artaraq 1,1 manatdan 1,43 manata çatıb. Çörəklərin bahalaşmasına unun bahalaşması daha çox təsir edib. İl ərzində unun qiyməti 14,5 faiz artaraq 1,35 manat olub. İkinci çörək hesab edilən kartofun qiymətində də yüksək artım müşahidə edilir. Ötən bir ildə kartofun dəyəri təxminən 28 faiz artıb. Bir il əvvəl qiyməti 0,8 manat olan kartof hazırda 1 manatdan bahadır. Duru yağların qiymətində də artım çox böyükdür. Günəbaxan yağının bir litrinin qiyməti 30 faizdən çox artaraq 3,5 manatdan 4,6 manata yüksəlib. Qarğıdalı yağı isə 22 faizdən çox və ya 1,1 manat bahalaşaraq 6 manata satılır. Adıçəkilən əsas ərzaq məhsullarından başqa bu il kəsmik 18 faiz, banan 21 faiz, badımcan 22 faiz, mərci 31 faiz, quru noxud 34 faiz, dondurulmuş balıqlar 17-24 faiz bahalaşıb (sfera.az).











