Cənub bölgəsində yüzlərlə insan təxliyə edildi - VİDEO

 19:02 19.03.2022     601

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı və Cəlilabad rayonlarında baş verən sel və daşqınlarla bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-dən daxil olan məlumatda deyilir:

"Məlumat verildiyi kimi, bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

 

Hazırda su basmış ərazilərdə suçəkmə və təxliyə tədbirləri davam etdirilir".

Vumart və Güvən reklamı Vumart Güvən