“Bütün dünya quru sərhədlərini açır, biz isə öz vətəndaşlarımıza zülm edirik” - Deputat
Məlum olduğu kimi, pandemiya səbəbi ilə 2 ildir Rusiya ilə quru sərhədimiz bağlıdır. Hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı hava yollarımız da bağlanıb. Rusiyada yaşayan vətəndaşlarımız ölkəyə qayıtmaq istəyir. Vətəndaşlarımız sərhədə gəlsələr də ölkəmizə buraxılmırlar. Hazırda 1000-dən artıq Azərbaycan vətəndaşı Dağıstanla sərhəddə düşərgəyə yerləşdiriblər. Lakin düşərgəyə gələn insanların sayı hər gün artır. İnsanların sayı o qədər çoxdur ki, artıq insanlar içəri buraxılmır və çöldə, soyuqda qalmaq məcburiyyətindədirlər.
Maraqlıdır ki, Milli Məclisdə hökumətin hesabatı zamanı çıxış edən Baş nazir Əli Əsədov Rusiya ilə quru sərhədinin pandemiya səbəbindən bağlı qaldığını bildirib.
Bəs Vətənə qayıtmaq istəyən azərbaycanlıların taleyi necə olacaq, onlara hansı şəkildə köməklik edilə bilər? Quru sərhədlərimiz açılmalıdırmı?
Mövzu ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla danışmaq istəsək də, zənglərimizə cavab vermədi.
Milli Məclisin deputatı Azər Badamov dedi ki, hökumət vətəndaşların ölkəmizə gətirilməsi mövzusunun üzərində işləyir:
“Bu məsələ ilə bağlı nazirlər kabinetinin Milli Məclisin keçirilən hesabat iclasında da həmkarlarım öz fikirlərini bildirdilər. Təbii ki, bu gün Rusiya ilə sərhədlərimizin bağlı olması soydaşlarımızın, vətəndaşlarımızın ölkəmizə qayıtmasını çətinləşdirib. Baş nazir də bu məsələyə öz münasibətini bildirərək qeyd etdi ki, bunun üstündə hökumət işləyir və tezliklə müvafiq qərar qəbul olunacaqdır”.
Deputat bildirdi ki, sərhəddin açılması üçün pandemiya bitməlidir:
“Pandemiya hələ ki, davam edir. Sərhəddin açılması üçün birinci növbədə pandemiyanın Azərbaycana axınının qarşısı alınmalıdır. Yəni bu istiqamətdə tədbirlər daha da ciddiləşməlidir. Qayıdan vətəndaşlarımızın sağlamlıq səviyyəsi, pandemiyaya yoluxub-yoluxmadığı müəyyən olunmalı, sonra da evlərinə buraxılmalıdır”.
Deputat Razi Nurullayev isə bildirdi ki, vətəndaşlarımızın ölkəmizə buraxılmaması konstitusiyamıza ziddir:
“Mən bununla bağlı parlamentdə çıxış edib birbaşa Baş nazirə müraciət etdim. Orada mövqeyimi açıqlamışam ki, o sığınacaqlarda yerləşdirilən azərbaycanlıların şəxsiyyətinin alçaldılması, ləyaqətinin sındırılması Azərbaycana baş ucalığı gətirmir. Necə ola bilər ki, sən öz vətəndaşını orada o əziyyətlərdə qoymusan. Belə çıxır ki, Azərbaycan öz vətəndaşlarından imtina edir. Bu vətəndaş burada doğulub və böyüyüb. Bu vətəndaşı evinə buraxmamaq hansı konstitusiya maddəsində yazılıb? Konstitusiyamıza görə hər bir vətəndaş öz vətəninə icazə olmadan əngəlsiz gəlib-gedə bilər. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə buna qadağa qoyulub. O vətəndaşların ölkəyə buraxılmaması konstitusiya maddəmizə ziddir. Operativ qərargahın qərarı konstitusiya maddəsindən üstün ola bilməz”.
Deputat hesab edir ki, vətəndaşları sərhəddən buraxıb, burada çadır şəhərciyinə yerləşdirə bilərlər:
“O baxımdan mən düşünürəm ki, tez bir zamanda vətəndaşlar gətirilməlidir. Operativ Qərargah qərar verməlidir ki, quru sərhədləri açın, vətəndaşlarımız gəlsin. Tutaq ki, vəba, taun və ya ən pis xəstəlik daşıyıcılarıdır. O demək deyil ki, vətəndaşından imtina etməlisən. Sərhəddən burax, o çadır şəhərciyini öz tərəfində qur. Qohum-əqrəbası gəlsin heç olmasa kənardan üzünü görsün, bir salam versin. Orada 4-5 gün saxla, xəstə deyillərsə, yoxlatdır, tam müayinədən keçir və burax insanlar evlərinə getsinlər”.
Razi Nurullayevin sözlərinə görə, sərhədlərimizin bağlı olması vətəndaşların dolanışığında da çətinliklər yaradıb.
“Əlavə olaraq quru sərhədlərin açılması vacibdir. Bütün dünya quru sərhədlərini açır. Biz açmamaqla öz vətəndaşlarımıza zülm etmiş oluruq. Həm də indiki şəraitdə iqtisadi çətinliyimiz də var. Ukrayna-Rusiya müharibəsində Rusiyaya tətbiq olunan sanksiyalardan Azərbaycan vətəndaşları da ciddi əziyyət çəkir. Sərhədlərimiz açılsa, insanlarımız gedib-gələr, ticarət əlaqələri yaradar və dolanışıqlarını təşkil etmiş olarlar”, - deyə deputat bildirdi.
Zərif ÜLVİQIZI












