"Belə davam edərsə, Kürətrafı rayonlarda çox ciddi problemlər yaranacaq” - Komitə sədrindən AÇIQLAMA
Son dövrlərdə ölkəmizdə narahatedici ən aktual mövzulardan biri Kür çayında suyun kəskin azalması, çayın Xəzərə tökülən hissəsində suyun qurumasıdır. Çünki suvarmamız, əkin-biçinimiz əsasən Kürdən asılıdır. Bəs Kürdə suyun azalması ölkəmizdə qıtlığa səbəb ola bilərmi? Vəziyyətdən çıxış yolu nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyir ki, keçən ilin təcrübəsində su hövzələrinin qurumasının nələrə səbəb olduğunu gözlərimizlə gördük:
“Nəinki Kür quruyur, mən Xəzər dənizinə fikir verirəm, artıq o da 20-30 metr çəkilib. Bu da dünyada baş verən iqlim dəyişiklikləri, təbii hadisələrlə əlaqədardır. Azərbaycanın bir çox əkin sahələri öz suyunu Kür və Araz çayından götürür. Ancaq çox təəssüflər olsun ki, hər iki böyük çayda suyun azalması müşahidə olunur. Ona görə bu nəinki suvarmaya, həm də qida və ərzaq təhlükəsizliyinə çox ciddi maneələr törədə, gələcəkdə min hektarlarla əkin sahəsini suvarmada ciddi korluq çəkməyə səbəb ola bilər. Keçən ilin təcrübəsi bunu bir daha göstərdi. Yay aylarında Arazdan suyun verilməməsi, su qıtlığı Ağcabədidə 100 hektarlarla pambıq sahəsinin yanmasına səbəb oldu. Məhsuldarlıq xeyli aşağı düşdü, mal-qaranın, digər ağacların, bitkilərin suvarılmasında çox ciddi problemlər yarandı. Müvafiq orqanlar artıq qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Bu, bir tərəfdən dövlətin həyata keçirdiyi tədbirlərdən asılıdırsa, digər tərəfdən təbiətdən asılıdır. Yağış yağmır, dağlarda qar yoxdur ona görə də istər su hövzələrində, istər çaylarda su həddindən artıq azalmaqdadır. Kürdə suyun azalması belə davam edərsə, Kürətrafı rayonlarda əkinin becərilməsində, suvarılmasında çox ciddi problemlər yaradacaq”.
Komitə sədri hesab edir ki, su hövzələrimizin quruması ilə bağlı mütləq qabaqlayıcı tədbirlər görülməlidir.
“Suvarmada müasir texnologiyalar var. Xarici ölkələrdə çiləmə üsulundan istifadə olunur. Bu üsulla 3-4 dəfə suya qənaət olunur, həm də sahələr normal suvarılır. Torpaq su kanalları betonla əvəz olunmalıdır. Hesabatlarda var ki, 100 kilometrlərlə torpaq kanallar artıq örtülü beton kanallara keçir. Nə qədər su itkisinin qarşısı alınar. Əgər beton kanal varsa, o lillənmir, suyun ötürmə qabiliyyəti yüksək olur, su tez ötürülür. Amma torpaq lillənir, içində kol-kos əmələ gəlir, suyu keçirmək qabiliyyəti bir neçə dəfə azalır. Su da istənilən vaxt, istənilən sahəyə gedib çata bilmir. Ona görə də həmin sahələrdə normal suvarma mümkün olmur. Su itkisinə yol vermək olmaz, mövcud olan su hövzələri qorunmalıdır. Yeni su anbarları yığılmalıdır və su qış aylarında ora toplanmalıdır ki, yayda bu sular istifadə olunsun. Ona görə də ölkə rəhbərinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə su anbarlarının yaradılması barədə tədbirlər görülür. Çünki respublikada su anbarları var, ancaq kifayət qədər deyil”, - deyə Tahir Rzayev bildirib.
Zərif ÜLVİQIZI












