Azərbaycan ermənilərə niyə qaz verir? - AÇIQLAMA

 15:29 29.03.2022     3254

Məlum olduğu kimi, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın erməni əsilli vətəndaşları yaşayan Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrini qazla təmin edəcək.

Bəs, Azərbaycanın hazırda separatçıların və Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərə qaz verməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin depuatı Musa Qasımlı hesab edir ki, Azərbaycan ərazisində yaşayan və dövlətimizin qanunlarına tabe olan etnik mənsubiyyətindən asılı olmayan bütün şəxslərin inteqrasiya edilməsi vacibdir:

“Qarabağda yaşayan ermənilərin bu günü və gələcəyi Ermənistanla deyil, bilavasitə Azərbaycan iqtisadiyyatı, ictimai-siyasi həyatına bağlıdır. Xankəndidə yaşayan ermənilər heç bir qazı olmayan və xaricdən qaz alan Ermənistandan qaz almaqdansa, qaz hasil edən və xarici ölkələrə qaz satan Bakıdan qazla təmin olunsalar daha yaxşıdır”.

Deputat Aydın Hüseynov isə bildirdi ki, Azərbaycanın atdığı humanist addımlar, onun imicini müəyyənləşdirir: 

“Azərbaycan dünyada humanist tədbirləri və addımları ilə fərqlənən bir ölkədir. Dünyanın hər hansı bir yerində humanist bir kömək lazımdırsa, Azərbaycan onu edir. Qarabağ iqtisadi zonamızın ərazisində yaşayan ermənilərə də həmişə çox humanistcəsinə yanaşmışıq. İllərlə onların Azərbaycana böyük vəhşiliyi, bəşəriyyət tarixinə sığmayan vandal hərəkətləri olub. Ancaq bununla belə Qarabağın erməni əhalisinə Azərbaycan həmişə humanist yanaşıb və Azərbaycan vətəndaşı olduqlarını qəbul edib. Azərbaycanın bütün resurslarından vətəndaşı olaraq istifadə etməsi ilə bağlı Azərbaycanın heç bir etirazı yoxdur. Əhali üçün qazın verilməsi elə özü humanist bir addımdır. Humanistlik baxımından bu normal bir hadisədir. Mən hesab edirəm ki, Azərbaycan humanistliyini, humanitar tədbirlərini həmişə davam etdirəcək. Bu, Azərbaycanın dünyada imicini formalaşdıran bir prosesdir. Ancaq bununla belə Azərbaycan o proseslə barışmır və barışmayacaq ki, orada erməni quldurları, əsgərləri olsun və orada Azərbaycanın suverən hüquqlarına zidd hər hansı bir hərəkət etsinlər. Bu, eləcə də Rusiya sülhməramlılarına və digər bu kimi terrorçu qruplaşmalara da aiddir”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən