"Azəriqaz" bu əraziləri qazlaşdıracaq

 19:16 01.04.2022     1073

Xızı, Masallı, Xaçmaz rayonlarında qazsız ərazilərə bu il qaz xətti çəkiləcək.

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında “Facebook” sosial şəbəkəsində vətəndaşların suallarını cavablandırarkən bildirib.

Vətəndaş şikayətində bildirir ki, Xızı rayonu Giləzi qəsəbəsində 10 ildən artıqdır qazsız ünvanda yaşayırlar. Vətəndaşın müraciətini cavablandıran Teymur Cəfərov bildirdi ki, Giləzi qəsəbəsi qazla təmin olunmuş ərazidir:

“Qazla təmin olunmayan ərazi yeni yaşayış massivi genişlənən hissədir. 2022-ci il üçün həmin ərazidə qaz paylayıcı şəbəkənin çəkilməsi nəzərdə tutulmuşdur. Bu il orada küçə xətləri çəkiləcək”.

Digər müraciətdə isə bildirilir ki, 1500 nəfər sakini olan Masallı rayonu Rüdəkənar kəndinə 1980-ci illərin sonunda qaz çəkilməsi nəzərdə tutulmasına baxmayaraq bu günə qədər kəndin qazlaşması saxlanılıb. 

Şöbə rəisinin dediyinə görə, bu il də Masallı rayonunda 3 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur:

“Bu kəndin qazlaşması da növbəti mərhələdə həyata keçiriləcək. Qazlaşdırma işləri mövcud maliyyə imkanları daxilində aparılır. Ona görə də bu ərazi də növbəti mərhələdə qazlaşdırılacaq”.

Vətəndaşlardan birinin sorğusunda bildirilir ki, Xaçmaz rayonunun Sabiroba kəndinin yarısının qazlaşması var, yarısının isə mövcud deyil. Söhbət 60 yaşayış evindən söhbət gedir.

Müraciəti cavablandıran Teymur Cəfərov bildirdi ki, növbəti ilin planında bu ərazi də qazlaşdırılacaq:

“Xaçmaz rayonunda da bu il 2 yaşayış məntəqəsində qazlaşdırma işləri nəzərdə tutulub. Bu ərazini də qeydiyyata götürərik. Növbəti ilin planında əks olunacaq”.

Zərif ÜLVİQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən