Bu məhsulların qiymətində artım baş verə bilər - Deputat AÇIQLADI
Son zamanlar insanların şikayət etdiyi mövzulardan biri bəzi qida məhsullarında qiymətlərin artmasıdır. Şəkər tozu, qənd, yağ kimi məhsulların bahalaşması insanların narazılığına səbəb olub. Dünyada baş verən proseslərlə əlaqələndirilən bu bahalaşmadan çıxış yolu nədir? Ölkəmizdə yerli istehsal hansı səviyyədədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov dedi ki, ölkədə məhsul qıtlığının olmaması və qiymət artımının baş verməməsi üçün hökumətimiz tərəfindən tədbirlər görülür:
“Bu tədbirlər planında minimum 28 adda məhsulun xaricə ixracında məhdudiyyətin tətbiq olunması və ölkədə ərzaq ehtiyatının yaradılması istiqamətində addımlar atılır. Cari ilin 3 ayında müvafiq dövrlə müqayisədə ölkəmizdə ərzaq ehtiyatı 30-35 faiz artırılmışdır. Bu, təbii ki, dünyada baş verən qtisadi proseslərlə bağlı qabaqlayıcı tədbirlərimizdir. Hökumətimiz çalışır ki, dünyada baş verən ərzaq qıtlığı və qiymət artımlarının Azərbaycanın daxili bazarına təsirləri minimuma ensin”.
Deputat bildirdi ki, hal hazırda ölkədə yerli xammal üzərində qurulan məhsulların istehsalı da davam etdirilir və heç bir problem yoxdur.
“Yerli istehsal əsasən iki qrupa bölünür. Biri var birbaşa Azərbaycan özü istehsal etdiyi xammal üzərində qurulmuş yerli istehsal, bu məhsullardan kifayət qədər ehtiyatımız da var və heç bir problem yoxdur. İxrac potensialımız da mövcuddur. Amma elə yerli istehsal məhsullarımız var ki, onların tərkibində xarici idxal komponentləri mövcuddur və həmin komponentlərin idxalında əgər hər hansı bir qiymət artımı baş verərsə, təbii ki, həmin məhsulun da maya dəyərində öz əksini tapacaqdır və həmin məhsulların qiymətində müəyyən qədər artımlar baş verə bilər. Amma mən düşünmürəm ki, bazarda hər hansı bir məhsulun ətrafında qıtlıq yaransın. Azərbaycanın daxili bazarında kifayət qədər məhsullar, ərzaq malları mövcuddur ki, insanların tələbatı heç bir təhlükə gözlənilmədən ödənilsin”, - deyə Azər Badamov qeyd edib.
Zərif Ülviqızı












