Bakıda maşını götürmədən yolu asfaltladılar - Səbəbi AÇIQLANDI - FOTO
Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına asfalt çəkilməyib.
Belə ki, paytaxtın Səbail rayonu, 20-ci sahə ərazisində, Bibiheybət yolu küçəsində yola asfalt çəkilən vaxt yolun kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, zaman-zaman yollarda təmir işləri həyata keçirilərkən bu cür hadisələr baş verir.
"Bu da işimizə mane olur. Təbii ki, əgər asfalt döşənmirsə, digər təmir işləri həyata keçirilirsə, burada artıq vaxt baxımından hər hansı bir problem yoxdur. Bu zaman artıq yol polisinə məlumat verilir. Yol polisi vasitəsilə həmin maşının sahibi tapılır və əraziyə dəvət olunaraq maşın ərazidən uzaqlaşdırılır və kənarlaşdırılır. Çünki bizim agentlik olaraq o maşına toxunmağa icazəmiz yoxdur.
Amma dünənki hadisə asfalt döşənən zaman olub və həmin vaxt asfalt maşınları artıq əraziyə daxil olmuşdu. Asfalt müəyyən temperaturda artıq döşənməlidir. Onun soyuması mümkün deyil. Soyusa, artıq o keyfiyyəti itirir. Ona görə də belə bir hal baş verdi. Çünki sahibi də tapılmadı. Artıq sahibi tapılıb və bu gün ərzində də həmin ərazidəki olan problem aradan qaldırılmış olacaq", - deyə agentlik rəsmisi bildirdi.
Zərif ÜLVİQIZI












