“Ukraynada yaşayan bütün uşaqlar bu cinayətlərlə üz-üzə qalıblar” - Hüquqşünas
İkinci aydır davam edən Rusiya-Ukrayna müharibəsində hərbçilərlə yanaşı mülki əhali də öldürülür. Öldürülənlər içərisində uşaqlar da az deyil. Ukrayna Baş Prokurorluğunun bəyanatında deyilir ki, Rusiya hərbçilərinin fevralın 24-dən aprelin 8-dək apardıqları hərbi əməliyyat nəticəsində 169 uşaq ölüb, 306 azyaşlı yaralanıb. Bununla yanaşı, 475-dən çox uşaq xəsarət alıb.
Qeyd edək ki, müharibə bölgəsindəki ukraynalı uşaqların bir hissəsi valideynləri ilə birgə ölkədən təxliyə edilib. Onların arasında valideynlərindən birini və ya hər ikisini itirən uşaqlar da var.
Mövzu ilə bağlı Redaktor.az-a danışan beynəlxalq hüquq üzrə ekspert, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyir ki, müharibədən ən çox əziyyət çəkənlər uşaqlardır:
“Bu gün bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Rusiyanın Ukraynaya təcavüzü, hərbi əməliyyatların sayını artırması mülki əhali arasında itkilərin çoxalmasına əhəmiyyət vermədən Ukraynanın hər yerində artilleriya və raket hücumlarını sürətləndirməsi demək olar ki, bütün dünyanı narahat edir. Ukraynaya təcavüzü, güc tətbiq etməsi, bütün beynəlxalq dəyərləri tapdaması hər kəsdə təəssüf doğurur. Müşahidələr onu deməyə əsas verir ki, bütün müharibələrdə olduğu kimi təcavüzə məruz qalmış Ukraynada da əziyyət çəkən dinc mülki insanlar, xüsusilə uşaqlardır. Uşaqlar zəif və daha çox risk altında olduqları üçün münaqişələrdən daha çox əziyyət çəkirlər. Onların fiziki, əqli və psixososial inkişafı uşaqlıqda yaşadıqları şəraitdən çox asılıdır. Uşaqların rifahı üçün ailənin əhəmiyyəti olduqca böyükdür. Uşaqlar ailəsindən ayrı düşənə, ac və susuz qalana, mənəvi rahatlığı pozulana qədər müharibənin təhlükəsini o qədər də hiss etmirlər. Aparılan araşdırmalar göstərir ki, müharibə zamanı uşaqlar özlərini ən pis təhlükələrə, məhv olma, şikəst olma kimi təhlükələrə uyğunlaşdıra bilər, amma onların psixoloji iztirabları, valideynlərindən qəfil ayrılma, gözlənilmədən üzləşdiyi mühiti dərk etməmə kimi hadisələr onların həyatında silinməz iz buraxır. Təəssüf ki, müharibə aparan tərəflər heç zaman bunu nəzərə almır və uşaqları müdafiəsiz qoyurlar”.
Ekspert bildirdi ki, müharibələr uşaqları, əsasən, 6 növ cinayətlə üz-üzə qoyur:
1) “Uşaqların öldürülməsi və şikəst edilməsi: UNİCEF-in məlumatına görə 2005 və 2020-ci illər arasında 104,100-dən çox uşağın silahlı münaqişə vəziyyətlərində öldürülüb və ya şikəst olub.
2) Uşaqların silahlı qüvvələrə və qruplara cəlb edilməsi və ya istifadəsi: 2005-2020-ci illər arasında 93.000-dən çox uşağın münaqişə tərəfləri tərəfindən işə götürüldüyü və istifadə edildiyi təsdiqləndi, hətta bunun daha çox olduğu ehtimalı var.
3) Məktəblərə və ya xəstəxanalara hücumlar: 2005 və 2020-ci illər arasında Birləşmiş Millətlər Təşkilatı təhsil və tibb müəssisələrinə və mühafizə olunan şəxslərə, o cümlədən şagirdlər və xəstəxanaya yerləşdirilən uşaqlara və mülki və hərbi məqsədlər arasında adekvat fərqin olmadığı birbaşa hücumlar və ya hücumlar da daxil olmaqla, 13,900-dən çox hücum hadisəsini təsdiqləyib.
4) Zorlama və ya digər ağır cinsi zorakılıq: 2005-2020-ci illər arasında münaqişə tərəfləri ən azı 14.200 uşağa qarşı təcavüz edib, zorla evləndirilib, cinsi istismara məruz qalıb və cinsi zorakılığın digər ağır formalarını törədib.
5) Uşaqların qaçırılması: 2005-2020-ci illər arasında ən azı 25,700 uşağın münaqişə tərəfləri tərəfindən qaçırıldığı təsdiqlənib. Oğlanlar qaçırılan uşaqların təsdiqlənmiş hallarının dörddə üçünü təşkil edir. Bununla belə, qızlar cinsi zorakılıq və istismar məqsədilə qaçırılma riski altında qalırlar.
6) Uşaqlara humanitar yardımın verilməsinin rədd edilməsi: Birləşmiş Millətlər Təşkilatı 2005-2020-ci illər arasında ən azı 14,900 uşaqlar üçün humanitar yardımın verilməməsi hadisəsini yoxlayıb ki, bu da təsdiqlənmiş halların səksən faizi 2016-2020-ci illər arasında baş verib və bu hadisələrin sənədləşdirilməsi və yoxlanılması üçün gücləndirilmiş səyləri vurğulayır”.
Hüquqşünasın sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra müharibə zamanı uşaqların müdafiəsi nəzərə alındı:
“Silahlı münaqişə dövründə uşaqlara qarşı baş verən bu əməllər müharibə cinayətləri olmaqla, özündə fərdi cinayət məsuliyyətinə cəlb olunmanı ehtiva edir. Yəni bu cinayətlərin törədilməsinə şərait yaradan, planlaşdıran və icra edən hər bir şəxsin məsuliyyəti nəzərdə tutulur. II Dünya müharibəsindən sonra müasir beynəlxalq hüquq uşaqların bu kimi cinayətlərin qurbanına çevrilməməsi üçün onların müdafiəsinə xüsusi önəm verdi. Məhz II Dünya müharibəsindən sonra uşaqların müdafiəsi beynəlxalq humanitar hüquqa gətirildi. Silahlı münaqişələr zamanı uşaqların müdafiəsinə əsas verən müəyyən beynəlxalq hüquqi sənədlər - Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları Konvensiyasına Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokol, Cenevrə Konvensiyaları və Əlavə Protokollar, Uşaq əməyinin ən pis formalarının ləğvi haqqında 182 saylı Konvensiya, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu qəbul olundu. Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Dördüncü Cenevrə Konvensiyası qəbul edildi. Həmin vaxtdan etibarən uşaqlar mülki əhalinin üzvləri kimi həmin Konvensiyanın tətbiqindən faydalanmaq hüququna malik oldular”.
Əlövsət Allahverdiyev qeyd etdi ki, bütün uşaqlar ayrıseçkiliyə məruz qalmadan müdafiə olunmalıdır. Hüquqşünas deyir ki, bu gün Ukraynada valideynlərindən ayrı düşmüş uşaqların gələcək taleyi çox böyük narahatlıq doğurur:
“Valideynlərindən ayrı düşmüş uşaqlar Avropanın müxtəlif ölkələrində yerləşdirilir, tibbi və sosial yardım göstərilir. Beynəlxalq hüquq normalarının tələbi bundan ibarətdir ki, həmin uşaqlar mütləq ailələrinə qovuşmalıdır. Bu “Uşaq hüquqları haqqında” Konvensiyasının 22-ci maddəsinə müvafiq olaraq tənzimlənir. 22-ci maddəyə görə:
1. İştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq edilən beynəlxalq və ya daxili hüquqa və qaydalara müvafiq surətdə qaçqın sayılan, valideynləri və ya hər hansı digər şəxs tərəfindən istər müşayiət edilən, istərsə də müşayiət edilməyən uşağı bu Konvensiyada və həmin dövlətin iştirak etdiyi insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə və ya humanitar sənədlərdə şərh olunmuş tətbiq edilən hüquqlardan istifadə edilməsində lazımi müdafiə və humanitar yardımla təmin etmək üçün zəruri tədbirləri görürlər.
2. Bu məqsədlə iştirakçı dövlətlər belə uşağın müdafiəsi və ona kömək göstərilməsi, hər hansı qaçqın uşağın öz valideynlərini və ya digər ailə üzvlərini axtarıb tapması, öz ailəsinə qovuşmaqdan ötrü lazımi məlumat alması üçün Birləşmiş Millətlər Təşkilatının və onunla əməkdaşlıq edən digər səlahiyyəti hökumətlərarası təşkilatların və ya qeyri-hökumət təşkilatlarının bütün səylərinə zəruri saydıqları hallarda kömək edirlər. Valideynləri və ya digər ailə üzvlərini tapmaq mümkün olmadıqda belə uşaq, bu Konvensiyada nəzərdə tutulduğu kimi, hər hansı səbəbdən öz ailə mühitindən daimi və ya müvəqqəti məhrum olmuş istənilən digər uşaqla eyni dərəcədə müdafiə edilir.
Göründüyü kimi Konvensiya şəraitdən asılı olmayaraq (dinc və ya silahlı münaqişə dövrü) valideynlərindən kənar düşmüş uşaqlar mütləq şəkildə ailələrinə qovuşmalıdır. Ümid edək ki, Ukrayna münaqişəsində valideynlərindən ayrı düşmüş uşaqlar da öz valideynlərinə qovuşacaqlar”.
Əlövsət Allahverdiyevin sözlərinə görə, demək olar ki, Ukraynada yaşayan bütün uşaqlar bu cinayətlərlə üz-üzə qalıblar.
“Sağ qalan və məcburi köçkün həyatı yaşayan uşaqların taleyi hər kəsi düşündürür və nəticə çox maraqlıdır. Uşaqlara qarşı baş verən bu əməllər müharibə cinayətləri olmaqla, özündə fərdi cinayət məsuliyyətinə cəlb olunmanı ehtiva edir”.
Müsahibimiz qeyd etdi ki, uşaqlarla bağlı Sos Uşaq Kəndləri Proqramı üzrə uzunmüddətli tədbirlər nəzərdə tutulub.
“Uşaqlara və onların ailələrinə qəyyumluq, qohumluq və dövlət internat müəssisələrində təcili yardım üzrə Ukraynanın SOS Uşaq Kəndləri tərəfindən dəstəklənən 80-nə yaxın uşaq və onların himayədar valideynləri Polşadakı SOS Uşaq Kəndlərinə köçürülüb. Hazırda yerli partnyor təşkilatlarla əməkdaşlıq çərçivəsində dövlət internat müəssisələrində, habelə himayədarlıq və qohumluq ailələrində olan digər uşaqların qida, ləvazimat, psixososial dəstək və köçürülməsi istiqamətində səylər davam etdirilir.
Qaçqınlara yardım üzrə qonşu ölkələrdəki komandalar, o cümlədən SOS Uşaq Kəndləri Polşa və SOS Uşaq Kəndləri Rumıniya qaçqınları qəbul etmək üçün səyləri genişləndirir.
Gələcəkdə ailələri gücləndirilməsi, uzunmüddətli perspektivdə ailələri bərpa etmək və yenidən qurmaq üçün dəstək olmaq üçün tərəfdaşlarla əlaqlərin genişləndirilməsi, bütün bunların sonunda uşaqların qayğı ilə əhatə olunması və tezliklə təhsilinin bərpa olunması prioritet məsələrlərdəndir”, - deyə ekspert bildirdi.
Zərif Ülviqızı












