"Azəriqaz" obyektlərdə qaz balonundan istifadəyə aydınlıq gətirdi

 15:39 08.04.2022     424

Yaşayış binasının aşağısında yerləşən obyektə qazın verilməsi qadağandır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, obyektlərə qaz yalnız istilik üçün verilə bilər:

“Təhlükəsizlik qaydalarına görə, əgər yaşayış binasının birinci mərtəbəsi obyekt kimi fəaliyyət göstərirsə, yuxarı hissəsi yaşayış sayılırsa, ora qazın verilməsi qadağandır. Biz ancaq ora istilik üçün qaz veririk. Verilən təbii qaz xüsusi kombilərə verilir, yalnız istilik yaratmaq üçün. Yəni orada qazdan istifadəyə icazə verilmir. Yaşayış binasının aşağısında yerləşən obyektə qazın verilməsi qadağandır”.

Ruslan Əliyev həmçinin bildirdi ki, bu məsələ ilə bağlı daim reydlər keçirir və lazımi tədbirlər görülür.

“Keçirdiyimiz reydlərdə qaz balonlarının istifadə halları aşkar olundu. Digər hallarda isə sahibkarın binanın yuxarı mərtəbəsindən qeyri-qanuni qaz xəttindən istifadə etməsi və digər belə hallar aşkar olundu. Bu hallar daimi aşkar olunur. Müxtəlif tədbirlər görülür”.

Baş direktor bildirdi ki, aprelin 3-də partlayış baş vermiş paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda isə təbii qazla təmin olunma aşkar olunmamışdı:

“Orada ancaq qaz balonlarından istifadə idi. Hadisə ilə bağlı tədqiqat aparılır. İlkin ehtimal olunan versiya qaz balonunun partlaması nəticəsində baş verməsidir. Həmin ərazidən bizim nə yeraltı, nə yerüstü kəmərimiz keçir. Həmin obyekt də bizim qaz abonenti deyil. Heç bir kənar qoşulma da həmin obyektdə aşkar olunmayıb”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən