Taleh Kazımov Mərkəzi Banka rəhbər təyin olunacaq

 16:24 11.04.2022     1345

Milli Məclisdə Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı müzakirə ediləcək.

Redaktor.az xəbər verir ki, məsələyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında baxılıb.

Təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi məsələni Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

Qeyd edək ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı da müzakirə edilib.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər, bu təyinatın bank sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini qeyd ediblər.

Sonra Tahir Mirkişili məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini təqdim edib. Qeyd olunub ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunması məqsədəuyğun hesab edilir.

İclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. Komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən