"Xalqı dövlətdən narazı salan məmurlara qarşı mübarizəyə başlamaq lazımdır" - Fazil Mustafa

 11:57 12.04.2022     4454

“Azərbaycan xalqını, Azərbaycan vətəndaşını dövlətdən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, yoxsa yox? Buna ümid çox azdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq vətəndaşlar bankdan borc istəmir, məşğulluqdan iş istəmir, bunları deputatdan istəyir.

"Bakıxanov qəsəbəsində qəbuluma gələn seçicilərin 15 nəfərindən 10 nəfəri məndən iş istəyirdi. Məşğulluq Xidmətindən deyil, deputatdan iş istəyirdilər. 5 nəfər məndən borc istəyirdi, bankdan deyil, millət vəkilindən borc istəyirdilər. Özü də bu adamlar fırıldaqçı deyildi, bunlar çarəsizlikdən belə edirdi.

Qarabağ savaşından sonra problemlərin bu qədər qabarıq olması insanların dövlətə inamını sarsıtmaq üzrədir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC onlarla fəhləni işlədib, pulunu verməyib. Rayonlarda onlarla insan maaş, pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər. Ölkə Prezidenti 26-27 ildən sonra Azərbaycan xalqının əyilmiş qəddini düzəlti, onun rəhbərliyi altında düşmən üzərində tarixi qələbə əldə edildi. Bu qədər böyük qələbə qazanmış ölkənin Prezidentinin xalqa qaytardığı inamı bunlar yenidən zədələməsinlər. İndi isə xalqı dövlətdən narazı salan qüvvələrə, qruplara, yerində olmayan məmurlara qarşı mübarizəyə başlamaq lazımdır. Bu bizim qarşımızda duran əsas məsələdir”, - deyə millət vəkili bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən