Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa edildi - FOTO

 12:23 12.04.2022     590

Tanınmış hüquqşünas Aslan İsmayılov yenidən Vəkillər Kollegiyasına üzvlüyə qəbul olunub.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında yazıb.

"2013-cü ildən apardığım 9 illik mübarizədən sonra pozulmuş haqqımın bərpasına nail oldum. Dünən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association sədri Anar Bağırov Rəyasət Heyətinin 8 aprel 2022-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməyimlə bağlı iclas protokolundan çıxarışı və vəkillik vəsiqəsini təqdim etdi.

Səbail rayon məhkəməsinin hakimi (mən vəkillikdən xaric edildikdən sonra Bakı Apellyasiya məhkəməsinin hakimi oldu) Elnur Həsənovun böhtanına əsasən N.Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə vəkillikdən xaric edildim. 17 mart 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin haqqımda çıxarılmış bütün qərarlarını qanunsuz saydı. Təxminən 1 il yarımdan sonra, 8 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmə bütün məhkəmə qərarlarını ləğv etdi. 2 mart 2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsi vəkillikdən xaric edilməyimlə bağlı məhkəmə qərarını ləğv etdi.

Ali Məhkəmə və Bakı Apellyasiya məhkəməsinin qərarlarından narazılığım, haqqımda yalan ifadələr vermiş “hakimlər”, “ədliyyə işçiləri” barədə gələcəkdə də belə haqsızlıqların baş verməməsi, üzə durmaqla, yalan ifadə verməklə çörək qazanmağın təkrarlanmaması üçün daha ətraflı sonralar yazacam.

Hələlik isə onu bildirirəm ki, gələcəkdə vəkillik strukturunda, yaxud başqa sahələrdə heç vaxt hansısa vəzifədə olmayacam. Bununla belə, bacardığım qədər vəkillik institutunun nüfuzun yüksəlməsində əlimdən gələni edəcəm. Əminəm ki, hüquqi dövlət, ədalətli məhkəmə birinci növbədə müstəqil və cəmiyyətdə nüfuzu olan vəkillikdən asılıdır. Onu da bilirəm ki, bu gün vəkillik institutunun nüfuzunun yüksək olmasında nə hüquq mühafizə orqanları, nə də məhkəmə hakimiyyəti maraqlı deyillər. Vəkillik institutunun nüfuzunun yüksəlməsi hüquq mühafizə orqanlarının vəzifələrindən sui-istifadə hallarının, rüşvətxorluğun qarşısında bir nömrəli səddir. Bununla belə, vəkillikdə gördüyüm nöqsanları da görməməzliyə vuran deyiləm", - deyə Aslan İsmayılov qeyd edib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən