Putin hərbi tribunala verilə bilərmi? - Hüquqşünasdan AÇIQLAMA
Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində törətdiyi hərbi cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, rus ordusunun Ukraynada törətdiyi müharibə cinayətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məhkəməyə verilməsi ilə bağlı çoxsaylı çağırışlar var.
Bəs, Rusiya prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinə və ya hərbi tribunala verilməsi mümkündür?
Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran hüquqşünas, Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyir ki, Rusiya prezidentinin məhkəməyə verilməsi üçün həm Ukrayna, həm Rusiya razılıq verməlidir:
“Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı bir şeyi nəzərə almaq lazımdır ki, həm Ukrayna, həm Rusiya həmin məhkəmənin yuridiksiyasını tanımalıdır. Burada Ukraynada baş verən hadisələrə görə şəxslərin məsuliyyətə cəlb edilməsini, cinayət işinin aparılmasını həmin məhkəməyə hər iki ölkə həvalə etməlidir. Aydındır ki, Rusiya bu məsələdə razı olmayacaq və bunun da, məsələn Beynəlxalq Haaqa məhkəməsində mühakimə edilməsi demək olar ki, mümkün deyil. Burada ola bilər bir dəfə üçün məhkəmələrin (ad hoc) yaradılması baş tuta bilər, bu isə BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinin səsverməsi nəticəsində yaradılır. Amma burada da bir əngəl var ki, Rusiyanın buna veto qoymaq hüququ var. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və onun orada veto qoymaq hüququ var. Bu məsələ bu dərəcədə asan olmayacaq”.
Hüquqşünasın sözlərinə görə, ölkə başçılarının beynəlxalq məhkəməyə verilməsi mümkün olsa da, Rusiya buna razı olmayacaq ki, Putin hər hansısa tribunala və ya Beynəlxalq Cinayət Məhkəməsinə verilsin:
“Rusiya razılıq verməsə, bu iş aparılmayacaq. BMT-də Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Amerika, Rusiya, Çin, Fransa, İngiltərə. Bu beş ölkə razılıq verməlidir ki, biz bu məsələni açaq, məhkəmə yaradaq. Rusiya isə Şuranın üzvü olduğuna görə, çox gman ki, buna veto qoyacaq və bundan sonra Rusiyanın hər hansı bir rəsmisinin birdəfəlik məhkəmədə də mühakimə olunması mümkün olmayacaq. Bir ölkə veto qoydusa, BMT-nin nizamnaməsinə əsasən artıq məsələ gündəlikdən çıxarılmış olur”.
Şamil Paşayev həmçinin bildirdi ki, Beynəlxalq Cinayət Məhkəməsi şəxsin ölkə başçısı olub-olmamasından asılı olmayaraq onu cəzalandıra bilər:
“Beynəlxalq Cinayət Məhkəməsi həmin şəxsə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası da, bəraət də verə bilər. Bu, işin gedişatından asılıdır”.
Zərif Ülviqızı












