Rusiya-Ukrayna müharibəsinin Azərbaycana yaradacağı problemlər AÇIQLANDI

 16:32 13.04.2022     1203

“Rusiya-Ukrayna müharibəsinin bütün dünyaya ciddi təsirləri olacaq. Çünki bu gün ən azından dünya taxıl bazarının hardasa 30 faizə qədəri Ukrayna və Rusiya tərəfindən təmin olunur. Ukrayna bu il müharibə səbəbindən əkin sahələrinin 50 faizinə qədərində taxıl əkə bilməyəcək. Rusiya isə mart ayının 1-dən taxıl, qarğıdalı və bu qrupdan olan digər məhsulların ixracına qadağa qoyub. Yaxın aylar içərisində bütün ölkələrdə, xüsusilə də inkişaf etmiş ölkələrdə bu kəskin infilyasiyaya səbəb olacaq, kasıb ölkələrdə isə ciddi aclıqlar gözlənilir. Müharibənin gətirdiyi nəticələr əsasən bunlardan ibarət olacaq”.

Bunu Redaktor.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Rusiya-Ukrayna müharibəsinin dünyaya və Azərbaycana mümkün təsirləri ilə bağlı sualı cavablandırarkən bildirib.

O, hesab edir ki, Rusiya nefti və qazından imtina edilməsi dünya iqtisadiyyatına ciddi zərbə vuracaq:

“Rusiya dünyada neft hasil edən ən böyük 3 ölkədən biridir. Rusiya 10 milyon barel ətrafında gündəlik neft hasil edən bir ölkədir. Bu, dünyanın hər gün neftə olan tələbatının 10 faizi deməkdir. Bu həcmdə ixracın qarşısının birdən-birə 50-60% səviyyəsində azaldılması belə bütövlükdə dünya iqtisadiyyatına ciddi təsirlər göstərə bilər".

Sabiq maliyyə nazirinin sözlərinə görə, pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərbələr bərpa edilməmiş, Rusiya-Ukrayna müharibsi öz təsirlərini göstərməyə başladı:

“Avropa ölkələrinin qaz təchizatının 40 faizi Rusiyanın payına düşür. Bu gün demək olar ki, bütün Avropa Birliyinə daxil olan ölkələr qərar qəbul ediblər ki, bu qazdan imtina etsinlər. Təbii ki, imtina etmək bir gündə mümkündür, ancaq bir gündə alternativləri tapıb, qaz təminatı etmək mümkündürmü? Bu addım həmin ölkələrin iqtisadiyyatına bu və ya digər formada mənfi təsir edəcək. Dünya iqtisadiyyatı pandemiyadan yetərincə zərbələr alıb, özünə gəlməmiş Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatı üçün ciddi silkələnmələr, təlatümlər yaratmış oldu".

Fikrət Yusifovun fikrincə, bu müharibə bütün dünya ölkələri kimi Azərbaycan iqtisadiyyatına da yetərincə təsir edəcək.

“Çünki böyük həcmdə taxıl, taxıl məhsullarını idxal edirik. Ona görə də bütün bunların hamısı Azərbaycana da təsirsiz ötüşməyəcək. Azərbaycana təsir edəcək istiqamətlərdən biri də Rusiyada yaşayan və çalışan azərbaycanlıların əksəriyyətinin bir il ərzində göndərdiyi milyardlarla dollar vəsaitin taleyinin necə olacağıdır” – deyən müsahibimiz hesab edir ki, Rusiyada işləyən azərbaycanlı iş adamlarının işinin iflic olması Azərbaycana ciddi zərbə vuracaq:

“Rusiyada embarqo səbəbindən faktiki olaraq hər şey iflic olub. Biznesi, iqtisadiyyatı iflic vəziyyətdədir. Bu iflicin nəticələri yaxın 3 aydan sonra çox ciddi şəkildə görünməyə başlayacaq. Bizim üçün də asan olmayacaq. Təsəvvürünüzə gətirin, bəzi hesablamalara görə Rusiyada yaşayan azərbaycanlı iş adamları bir ildə Azərbaycandakı qohum-əqrəbalarına göndərdiyi yardımların həcmi Azərbaycanın Ümumi Daxili Məhsulunun 10 faizi səviyyəsindədir. Bu məbləğin böyük bir hissəsinin Azərbaycana gələ bilməməsi bir tərəfdən onu alan insanların sosial durumuna ciddi təsir edəcək, digər tərəfdən isə bu itkilər ölkədə valyuta bazarına çox ciddi təsir edəcək".

Fikrət Yusifovun sözlərinə görə, Azərbaycandan Rusiya bazarına çıxarılan məhsullar sərf etməsə, ixrac dayana bilər:

“Rusiya Azərbaycana ən böyük ticarət tərəfdaşıdır. İkinci yerdə Türkiyədir. Bizim Rusiya bazarına çıxardığımız kənd təsərrüfatı məhsullarının taleyi necə olacaq, bu məhsullar Rusiya bazarında ucuz qiymətə satılacaqsa, bu artıq o deməkdir ki, bizim istehsalçıların ora məhsul ixrac etməsi səmərəsiz, ziyanlı olacaq. Ona görə də ixrac etməyəcəklər, sərf etməyəcək. Yəni maliyə baxımından yüzlərlə problem yaranacaq”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən