Mərkəzi Bankın yeni rəhbəri bu addımları atsa, bank faizləri aşağı düşər - Natiq Cəfərli

 10:08 14.04.2022     893

Xəbər verdiyimiz kimi, 1995-ci ildən Azərbaycan Mərkəzi Bankına rəhbərlik edən Elman Rüstəmov Milli Məclisin qərarı ilə tutduğu vəzifədən azad edilib və ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Taleh Kazımov təyin edilib.

Mərkəzi Bankdakı bu dəyişiklik ölkənin bank sistemində hansı yeniliklərə səbəb ola bilər? İllərdir hər kəsin şikayət etdiyi faiz dərəcələri aşağı salına bilərmi? Eyni zamanda, ölkədə növbəti devalvasiya gözlənilirmi?

Mövzu barədə Redaktor.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, yeni rəhbərin gələcək planları barədə çıxışları olsaydı, bununla bağlı müəyyən fikir bildirmək daha asan olardı:

“Çünki Mərkəzi Bank çox vacib dövlət qurumudur. Bank, maliyyə sistemində hansı yeniliklərin olub-olmayacağı ilə bağlı yeni rəhbərin bir proqram çıxışı olmalı idi. Ən azından ya müsahibəsi, ya çıxışı. Təəssüf ki, biz onun bu barədə çıxışını nə parlamentdə idarə heyətinə təyin olunarkən gördük, nə də bu günə qədər də bununla bağlı bir proqram çıxışı var. Halbuki dünyanın bir çox ölkələrində Mərkəzi Bank rəhbərlərinin həmişə təyinatdan sonra bir proqram çıxışı olur. Bu proqram çıxışına əsasən hansı istiqamətlərdə planlar olduğu bilinir. Ümid edək ki, yaxın günlərdə Mərkəzi Bankın yeni rəhbərinin bir ciddi proqram çıxışı olacaq. Ondan sonra hansısa bir dəyişikliyin olub-olmayacağını söyləmək mümkün ola bilər”.

Ekspert qeyd etdi ki, Mərkəzi Bankın iqtisadi proseslərə təsiri azdır:

“Çünki indiki iqtisadi sistemdə Mərkəzi Bankın hansı çərçivələrdə fəaliyyət göstərməsi də dəqiq bilinməlidir. Çünki iqtisadi modeldən olan proseslərə o qədər də ciddi təsir imkanları yoxdur. Azərbaycanda qiymətli kağızlar, valyuta birjası yoxdur. Yəni  iqtisadi institutlar yoxdur, zəif inkişaf edib deyə, Mərkəzi Bankın birbaşa makroiqtisadi göstəricilərə təsir imkanları da azdır. Amma ümumilikdə çox vacib tənzimləyici orqan olduğundan rəhbərin vizyonundan, gələcəyə baxışından çox şey asılıdır. Bu sahəyə hansı dəyişikliklərin, yeniliklərin gətirəcəyi ilə bağlı ilkin çıxışından sonra fikir bildirmək məncə daha məntiqli olar”.   

Taleh Kazımovdan gözləntilərindən danışan Natiq Cəfərli arzu edir ki, Mərkəzi Bank da, dünya bankları kimi sayılıb, seçilən olsun:

“Birincisi təbii ki, Mərkəzi Bankın çəkisinin və sözünün artması, dövlət qurumuna çevirilməsi, müstəqil fəaliyyət göstərməsi, sözün yaxşı mənasında hökumətə müxalif olmasıdır. Bu hökumət qurumu deyil, dövlət qurumudur. Hökumətə müxalif olması çox vacibdir. Qəribə səslənir, amma dünyada da belədir ki, dövlət qurumu olduğu üçün hökumətin açıqladığı rəqəmlərə, statistikalara Mərkəzi Banklar özəl rəy ilə çıxış edirlər. Yəni sözün yaxşı mənasında müxalif rəylə çıxış edirlər. Mən düşünürəm və istərdim ki, bizdə də Mərkəzi Bank belə sayılıb, seçilən qurumlardan biri olsun. Hökumətin statistik göstəriciləri ilə bağlı öz baxışı, vizyonu, yanaşması olsun və bizim dövlət institutu və hökümətin necə işlədiyini müqayisədə müəyyən etmək imkanımız olsun”.

İqtisadçının sözlərinə görə, bank faizləri təyinatlarla və ya şəxslərlə qalxıb, azalmır.

“Faizlər aparılan siyasətlə artır və yaxud da azalır. Mərkəzi Bankın uçot dərəcəsinin yuxarı hissəsi indi 9,25 faizdir. Uçot dərəcəsi artacaq, ya azalacaq, yeni rəhbərliyin baxışı necə olacaq, bu bilinmir. Çünki bank faizləri birbaşa olmasa da, dolayı yolla Mərkəzi Bankın uçot dərəcəsindən asılıdır. Uçot dərəcəsi ilə bağlı hansı dəyişikliklər olacaq Mərkəzi Bankın növbəti toplantısından sonra aşağı-yuxarı məlumatımız olacaq”.

Ekspertin fikrincə, Mərkəzi Bank kommersiya banklarına əmrlə faiz təyin edə bilməz:

“Qanunvericilikdə bu yoxdur. Deyə bilməz ki, faizi ya aşağı salın, ya yuxarı qaldırın. Sadəcə elə bir oyun qaydaları tətbiq edə bilər ki, banklara faiz dərəcələrinin aşağı salınması üçün kömək ola bilər. Ucuz kreditə çıxış imkanları yarada, uçot dərəcəsini aşağı sala bilər. Bu addımlar atılacaqsa, banklarda da faizlərin aşağı düşməsini görə bilərik. Yəni əmrlə deyil, ancaq təşviq proqramları ilə mümkündür”.

Natiq Cəfərli onu da bildirdi ki, hazırda ölkəmizdə devalvasiya təhlükəsi gözlənilmir:

“Devalvasiya da Mərkəzi Bankın verdiyi qərar deyil. Mərkəzi Bank təkbaşına devalvasiya ilə bağlı qərar verə bilməz. Bu mümkün də deyil. 2015-ci ildə devalvasiyalar zamanı ümumi qərarın Mərkəzi Bank tərəfindən yerinə yetirilməsinin şahidi olduq. İndiki şəraitdə isə neftin qiyməti 100 dollar və yuxarıdırsa, Azərbaycan manatına təzyiqlər yoxdur və devalvasiya təhlükəsi sıfıra yaxındır. Azərbaycan manatı kağız neftdir. Çünki iqtisadiyyatın 90 faizi neftdən asılıdır. Nə qədər ki, neftin qiyməti yüksəkdir, devalvasiya riskləri sıfıra yaxın olacaq”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən