Şuşa və Ağdama avtobusla səfərlərlə bağlı AÇIQLAMA

 10:36 14.04.2022     559

Yanvarın 24-dən etibarən işğaldan azad edilmiş ərazilərə - Şuşa və Ağdama müntəzəm avtobus reysləri təşkil olunur.

Bilet satışı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az üzərindən onlayn qaydada həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən – eyni vaxtda sifariş verərək alırlar.

Səfərə getmək istəyənlər sayta "ASAN login" vasitəsilə daxil olduqdan sonra, bilet almaq üçün səfərin istiqaməti və tarixini seçə bilərlər.

Bilet almaq üçün sistemə elektron ("email") ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və fərdi identifikasiya nömrəsi daxil olunmalıdır. Tələb olunan məlumatlar sistemə daxil edilən zaman şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır.

Eyni zamanda COVİD-19 peyvəndi və ya immunitetlə bağlı məlumatlar yoxlanılır.

Qeyd edək ki, Şuşa və ya Ağdama səfər etmək istəyən bəzi şəxslər portaldakı e-mail ünvanı, öz adına mobil telefon nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu, Asan İmza, Elektron İmza kimi tələblərin çox və yorucu olduğunu söyləyirlər. Maraqlıdır Qarabağa gedişlər üçünü niyə bu prosedur tələb olunur? Digər ərazilərə getdiyimiz kimi asan şəkildə avtovağzaldan bilet almağımız niyə mümkün deyil? 

Mövzu ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xİdmətindən Redaktor.az-a verilən məlumata görə, ASAN Login ona görə tələb olunur ki, bütün məlumatlar bir yerdə olsun:

"Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi, habelə pandemiya şəraitində yoluxma risklərinin minimuma endirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. İşğaldan azad olunmuş ərazilərə onlayn bilet almaq üçün ASAN İmza və Elektron imzanın olması mütləq deyil. Vətəndaşlar sistemə Asan Login vasitəsilə də daxil ola bilərlər.

www.yolumuzqarabaga.az saytı digər dövlət orqanları ilə bir yerdə yaradılıb. Məsələn, TƏBİB də, Daxili İşlər Nazirliyi də oraya inteqrasiya olunub. İşğaldan azad olunmuş əraziyə daxil olursunuz, bunun üçün xüsusi icazə lazımdır. Vətəndaşlar bir də gedib Daxili İşlər Nazirliyindən icazə almasınlar deyə onlar hamısı bir yerə yığılıb. Bilet alanda, artıq siz icazənizi də almış olursunuz. Ona görə o məlumatlar oraya daxil olunmalıdır”.

Xidmətdən bildirildi ki, bütün bunlar vətəndaşların rahatlığı üçündür:

“İcazə məsələsi var. Vətəndaşlar işğaldan azad olunmuş əraziyə daxil olur. Bunun üçün icazə alımalıdır. Müəyyən sənədlər tələb olunur. Vətəndaşlara rahat olsun deyə bütün sənədlər sistemə inteqrasiya olunub ki, heç kim sənəd yığmaq üçün ora-bura getməsin. Elə birbaşa biletini alanda, artıq o icazəni də almış olsun”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən