“Azəristiliktəchizat”ın "Azəriqaz"a 41 milyon manat borcu var - Eldəniz Vəliyev
Hər il “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu yaranır.
Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə bu il üzrə mövsümü borcu 41 milyon manat təşkil edib.
Şöbə rəisi qeyd edib ki, “Azəriqaz” debitor borc məsələsinə həssas yanaşır:
"“Azəriqaz” topdan satış olaraq "Azərkontrakt"dan aldığı qazın pulunu, eyni zamanda 8500 işçinin əmək haqqını ödəməlidir. Ona görə də borcların operativ toplanmasına diqqət yetirilir".
E.Vəliyev bildirib ki, ötən il məsələ ictimailəşdi və Baş nazir səviyyəsində müdaxilə olundu.
““Azəristiliktəchizat”a maliyə dəstəyi ayrıldı və məsələ həllini tapdı. Bu il isə hesablanan debitor borc 41 milyon manatdır. Bu məbləğin müəyyən hissəsini “Azəristiliktəchizat” qəbul etmir. Keçən ilki mübahisələrdə də bunu göstərdilər. Bununla belə, “Azəristiliktəchizat” məbləğin müəyyən hissəsini mübahisələndirib. “Azəriqaz” isə borcun tam təmin edilməsində israrlıdır. Çünki satılan qazdır. “Azəristiliktəchizat” müəyyən məbləği məhkəmə predmeti hesab etdiyindən hələ ki, müzakirə olunur. Müzakirələr gedir, rəqəmlər qoyulur, hələ məhkəməyə qədər gedib çıxmayıb. Ümid edirik ki, nə vaxtsa ala biləcəyik”, - deyə şöbə rəisi bildirib.
Zərif ÜLVİQIZI












