Mariupolda kimyəvi silahdan istifadə təsdiq edilərsə... - Hüquqşünasdan AÇIQLAMA

 17:18 15.04.2022     389

Bir neçə gün öncə Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı kimyəvi maddədən istifadə etdikləri barədə məlumat yayılıb. Ukrayna tərəfinin açıqlamasına görə, Rusiya mənşəyi naməlum zəhərli maddəni şəhərə PUA vasitəsilə atıb.  

Bəs Rusiyanın kimyəvi silahdan istifadə etdiyi təsdiqlənərsə, bu ölkəni və ya əmri verən şəxsləri hansı cəza gözləyir?

Mövzu barədə Redaktor.az-a açıqlama verən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev deyir ki, müharibə zamanı kimyəvi silahdan istifadə qadağandır:

“Müharibə, döyüş aparılan zamanı kimyəvi silahlarının tətbiqi beynəlxalq hüquq normalarına görə qadağandır. Bu 1899-1907 Haaqa konvensiyasında qadağan edilib. Amma müasir dövr üçün nəzərə alsaq, bu, beynəlxalq cinayətdir. Təbii ki, o dövrdə də beynəlxalq cinayət idi. Amma müasir dövrdə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinin 8-ci maddəsinin ikinci bəndi 17 və 18-ci hissələrində konkret olaraq göstərilir ki, boğucu, zəhərləyici qazlardan istifadə etmək, ümumiyyətlə insan həyatına zərərli olan bu tip silahlardan istifadə etmək beynəlxalq cinayət məsuliyyəti yaradır. Yəni Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda göstərilən bu müddəa birbaşa o boğucu-zəhərləyici silahları tətbiq edən, döyüş aparan tərəfin məsuliyyətini müəyyən edir. Bunun məsuliyyəti qaçılmazdır. Konkret olaraq göstərilir ki, bu beynəlxalq cinayətdir və məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq hüquq normalarına görə əgər sübut olunarsa, birmənalı məsuliyyətə cəlb olunmalıdır”.

Hüquqşünasın sözlərinə görə, kimyəvi silahdan istifadə barədə əmri verən şəxslər məsuliyyətə cəlb olunmalıdır:

“Rusiyanın məsuliyyətə cəlb olunma məsələsi deyəndə burada dövlət olaraq məsuliyyətə cəlb olunmadan söhbət getmir. Yəni Rusiyanı idarə edən şəxslərin, lideri, Rusiyanın siyasi hakimiyyətində, hərbi strukturunda təmsil olunan şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Yəni İkinci Dünya müharibəsindən bu yana bu kimi hallar baş verib və araşdırılıb ki, doğurdanda filan ərazidə kimyəvi silah tətbiq olunub. Bu beynəlxalq cinayətə görə şəxslər məsuliyyətə cəlb olunub. Kim ki, bunları planlaşdırıb, icra edib, icrasına göstəriş verib həmin şəxslərin məsuliyyətindən söhbət gedir”.

Əlövsət Allahverdiyev qeyd etdi ki, məsuliyyətə cəlb etmək üçün faktlar olmalıdır:

“Əvvəl faktlar, sübutlar toplanır, hazırlanır. Dərhal məsuliyyətə cəlb etmək məsələsi qoyulmur. Ona görə ki, bu sübutlar tam toplanmalıdır. Ondan sonra Beynəlxalq Cinayət Məhkəməsi qərarını elan etməlidir. Bu da elan olunduqdan sonra mən hesab edirəm ki, Rusiyanın liderinin məsuliyyət məsələsi konkret olaraq qoyula bilər. Hansı cəzanın verilməsinə gələndə isə törədilən əməlin xarakterindən, nə qədər zərər yetirməsindən asılı olacaq”.

Ekspert bildirdi ki, belə cinayətləri törədənlər ömürlük həbs olunmalıdır:

“Mən çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, beynəlxalq cinayətlərə görə mühakimə olunanlar çox da uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına layiq görülmürlər. Tutaq ki, hələ Yuqaslaviyada baş verən hadisələrdə beynəlxalq cinayət törədənlər 20-25 il müddətinə azadlıqdan məhrum etmə cəzasına layiq görülüblər. Nədənsə bu qədər ağır cinayətlər törətmiş şəxslər üçün ömürlük cəza nəzərdə tutulmur. Ümid edək ki, nə olsa belə həmin şəxslərin məsuliyyəti qaçılmaz olacaq, onlar məsuliyyətə cəlb olunacaqlar”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən