PCR testinin ləğvi COVİD-in yeni ştamlarının ölkəmizə ayaq açmasına səbəb ola bilərmi? - AÇIQLAMA

 13:47 16.04.2022     620

Aprelin 15-dən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təqdim etmək tələbi ləğv olunub.

Nazirlər Kabinetinin bu qərarı bir qrup insanlar tərəfindən müsbət qarşılansa da, bundan narahatlıqlarını ifadə edənlər də var. Yəni xaricdən ölkəmizə gələnlər üçün PCR testinin tələb olunmaması, Azərbaycanda koronavirusun yenidən artmasına səbəb ola bilərmi? Nəzərə alsaq ki, Çində koronavirus yenidən tüğyan edir, eləcə də digər ölkələrdə koronavirusun "omikron" ştamının XE və BA.2 variantı aşkarlanıb, belə olduğu təqdirdə xaricdən gələn şəxslərdə infeksiya olarsa, nəticədə təyyarədəki sərnişinlərin, eləcə də ölkəmiz daxilində təmasda olduğu insanların yoluxma ehtimalı böyük deyilmi?

Mövzu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı dedi ki, PCR testinin tələb olunmaması onu çox sevindirir:

“İctimaiyyət neçə müddətdir gözləyirdi ki, karantin qaydaları ləğv olunacaq, dayandırılacaq. Operativ qərargah PCR testi yoxlanışının dayandırıldığını, tələb olunmayacağı haqqında artıq məlumat verdi. Bu təbii ki, vətəndaşlarımızı iki ildən sonra həqiqətən sevindirir. Demək olar ki, ölkəmizdə də, dünyada da yoluxma sayında çox ciddi azalma gedir. Amma bir sıra ölkələrdə xəstəlik hələ də təhlükə olaraq qalmaqdadır. Hətta Çinin özündə - Şanxayda, bir çox şəhərlərdə ciddi sərt qaydalar, qadağalar tətbiq olunur”.

Deputat bildirdi ki, ölkəmizdə koronavirus təhlükəsi minimum səviyyədədir:

“Ölkəmizdə qaydalara vətəndaşlar intizamla riayət edir. Aparılan bütün təhlillər, xəstələnmələr, sağalanlar, ölüm faizləri, xəstələnənlərdən kimlər peyvənd olunub, kimlər yox, kimlər neçə dəfə peyvənd vurdurub, kim neçə dəfə yoluxub, bütün bunlar Operativ Qərargahın rəhbərliyi ilə xüsusi ekspert qrupu tərəfindən çox ciddi təhlil olunub. Təbii ki, PCR testinin ləğv edilməsi sadəcə olaraq xəstələnmə və sağalanlara görə təsdiq olunmadı. Bu çox ciddi təhlillərin nəticəsidir. Ona görə bu bir daha göstərir ki, ölkəmizdə koronavirus pandemiyasının təhlükəsi demək olar ki, minimuma enib. Demək olar ki, yoxdur. Biz koronavirusla artıq vidalaşırıq. Artıq normallaşma, pandemiyadan öncəki həyatımıza dönməyə başlayırıq”.

Millət vəkilinin sözlərinə görə, vətəndaşlarımız qaydalara əməl edirlər:

“PCR testi ləğv olunsa da, vətəndaşlarımız bilir ki, dünyada hələ də koronavirus var. Virus hələ də təhlükəlidir. Çünki müxtəlif ştamlar çıxır. Hər yeni ştam haqqında alimlərin, mütəxəssislərin xəbəri olmur. Amma əhalinin çox hissəsi vaksin olunub, ölkədəki qaydalara riayət etməyə adət ediblər. İnsanlar sosial məsafəni saxlamağa çalışır, lazım olan yerlərdə hələ də maskadan, dezinfeksiya vasitələrindən, üsullarından istifadə edirlər. Bu mənada hesab edirəm ki, təhlükə olmayacaq, əksinə tezliklə tamamilə əvvəlki həyat tərzimizə keçid edəcəyik”.

Məlahət İbrahimqızı qeyd etdi ki, PCR testi ləğv olunsa da, vaksin pasportu hələ də qüvvədədir:

“Bizim ölkədə sərhəddə çox ciddi qaydalar tətbiq olunur. PCR testi tələb olunmayacaq o demək deyil ki, necə gəldi olacaq. İndi vətəndaşlardan peyvənd pasportu tələb olunacaq. Xaricə gedərkən, Azərbaycana daxil olarkən peyvənd pasportu, xəstəlik keçirməklə bağlı sertifikat tələb oluncaq. Yoxsa kim gəldi, kim getdi, elə olmayacaq. Sadəcə olaraq PCR testi tələb olunmayacaq. PCR testi dünyada, Türkiyədə, Avropa ölkələrində çoxdan tələb olunmur”.

Deputatın fikrincə, peyvənd pasportu hələ bir müddət də qüvvədə qalmalıdır:

“Düşünmürəm ki, vaksin pasportu belə tezliklə ləğv olunsun. Çünki hələ də peyvənddən yayınanlar var. Qeyd etdiyim kimi hələ də xəstəlik müəyyən ölkələrdə var. Bizim ölkəmizdə az da olsa, yoluxmalar var. O mənada inanmıram ki, peyvənd pasportu, immun sertifikatı tələb olunmasın. Müəyyən vaxtdan sonra onu edə bilərlər”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə bildirdi ki, PCR testlərinin qüvvədə qalmasının elə bir önəmi yox idi:

“PCR testi insanlar üçün böyük problem yaradırdı. Ölkəyə daxil olanda PCR analizi olunur. Bəzən analizin nəticəsi gec çıxır və yaxud da bileti qaytarmalı olurlar. Belə olan halda çox narahatlıq yaradır. Yaxud da bir neçə gün öncə gedib analiz verməlisən. Bu, həqiqətən də böyük problemdir. Bundan başqa həm vətəndaşlar, həm də dövlətin özü üçün maddi tərəfi var. Nəzərə alsaq ki,gələnlərin hamısında PCR testləri neqativ olur, belə çıxır ki, o testlər boş-boşuna verilir. Ona görə PCR testinin saxlanmasının elə bir əhəmiyyəti, önəmi qalmır. Bizə indi Çindən gələn də elə çox deyil. Bizə əsasən Avropa ölkələrindən, Türkiyədən, Gürcüstandan, yəni qonşu ölkələrdən gəlirlər. Burada da yoluxma sayı çox aşağıdır. Demək olar ki, yoxdur. Çindən gələn nadir hallarda ola bilər. Bunun üçün də fərdi şəkildə Çindən gələnlərə nəzarət etmək olar. Düşünürəm ki, PCR testinin götürülməsi bir problem yaratmayacaq”. 

İnfeksionist hesab edir ki, vaksin pasportu yaxın günlərdə ləğv olunmalıdır:

“Vaksin sertifikatları yəqin ki, yaxın müddət ərzində ləğv olunacaq. Artıq uzun müddətdir yoluxmada azalma müşahidə edilir. Yoluxma sıfıra yaxın, sabit səviyyədə qalanda artıq bütün peyvənd sertifikatları avtomatik ləğv olunmaq üzrə gedəcək. Ondan sonra dövlət də bunu yəqin ki, ləğv edəcək. Artıq peyvənd serifikatlarına da ehtiyac yoxdur”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən