"Park Bulvar"dan səs-küylü aksiya ilə bağlı AÇIQLAMA: "Burada qeyri-adi bir şey yoxdur"

 13:32 18.04.2022     1004

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda “Park Bulvar” Ticarət Mərkəzində fanatları ilə görüşüb. Onun görüşündə izdiham yaşanıb. Yayılan foto və videolardan da görünür ki, həmin aksiyada insanlar çox sıx toplaşıblar və ölkəmizdə hələ də qüvvədə olan karantin qaydaları çox sərt şəkildə pozulub. Yəni nə sosial məsafə tələbinə əməl olunub, nə də maskadan istifadə olunub. Bu görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. 

"Park Bulvar"da keçirilən bu tədbirdə sosial məsafənin gözlənilməsi niyə təmin olunmayıb? Ticarət Mərkəzinin əməkdaşları iştirakçıların maskadan istifadə etmələrinə niyə nəzarət etməyiblər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən “Park Bulvar” Ticarət Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günay Məhəmmədova bildirdi ki, insanlara xəbərdarlıq olunsa da, onlar buna məhəl qoymayıb:

“Maska ilə bağlı insanlara bildirilirdi. Yəni insanlara xəbərdarlıq olunurdu. Sadəcə orada bir az ajiotaj olduğuna görə elə oldu. Polis də var idi, hətta nəzarət olunurdu”.

Sosial məsafənin niyə qoprunmadığı sualına gəldikdə isə Ticarət Mərkəzinin sözçüsü bunu fanat görüşü ilə əlaqələndirdi:

“Bu, fanatlarla görüşdür. Dünyanın hər yerində fanatlarla görüş belə keçir. Burada qeyri-adi bir şey yox idi. Tədbirin təşkilatçısı da biz deyildik. Biz sadəcə yer olaraq orada tədbirin keçirilməsinə icazə vermişdik. Tədbirin təşkilatçısı da “Brand Media Group” şirkəti idi. Yəqin ki, içəri daxil olmuşdularsa, vaksinləri var idi.

Burada da heç kim heç nə deyə bilməz. Bu fanatdır. Fanatın da görüşü belə olur. Fanatlar dəli, çılğın olurlar. Əsasən gənclər olurlar. Bu, normal bir şeydir. Baxın görün dünyanın hansı yerində fanatlarla görüş sakit, imza günü kimi keçir? Bu adam hara gedirsə, MDB ölkələrində onu belə qarşılayırlar. Hamı onun dalınca qaçır. Yəni telefona görə gəlməmişdilər. Dördüncü mərtəbədə, uşaq zonasında uşaqlar pilləkənə dırmaşmışdılar. Bilmirəm ona olan sevgi nə ilə əlaqədardır. Mən onun fanatı deyiləm. Amma onun fanatı çoxdur. Neçə milyon izləyicisi var”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) də Bakıda bloger Hüseyn Həsənovla görüş zamanı pandemiya qaydalarının pozulması ilə bağlı açıqlama verib.

"Aprel ayının 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar.

Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Pandemiya ilə əlaqədar tətbiq olunan qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb.

Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.

Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir".

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən