Həsrətin sonu

 23:41 19.04.2022     998

Proloq əvəzi

Dostum zəng edib,- “Hazırlaş səhər tezdən Şuşaya gedirik”,- deyəndə nə edəcəyimi, necə edəcəyimi bilmədim. Düz 30 ilə yaxındır,  bu sözləri gözləyirdim axı...Bu illər ərzində mənə deyilən ən gözəl cümlənin həqiqət olduğuna hələ də şübhə ilə yanaşırdım. Evə necə gəldim, bilmədim. Səhərə kimi aranı dağa, dağı da arana daşıdım, başımdan nələr keçəmədi ki? Xəyal yelkəni məni əvvəlcə Laçındakı, sonra da uşaqlığımla gəncliyimin natamam qalmış illərinə - Şuşalı günlərimə  apardı. Səhərə qədər gözlərimin qapağı bir dəqiqə belə yumulmadı, kipriklərimlə səhərin dan yerini sökəndə artıq maşınımız Şuşaya yön almışdı...

Şuşaya gedirik...

Saat 8: 30-da avtomobilimiz Füzulidən “Zəfər yolun”a çıxanda Şuşaya getdiyimin fərqinə vardım.  “Zəfər yolu”nun ətrafında erməni əsgərlərinin müdafiə  xəttini görüncə məni dəhşət bürüdü. Ordumuzun hansı fədakarlıqlarla döyüşdüyünü daha da dərindən anlamağa başladım. Mürəkkəb müdafiə xatti iki, bəzən üç qatdan ibarət ağır konsturksiyalardan qurulmuşdu. Bu maneələri keçdikcə nə qədər qəhrəman əsgərlərimizin şəhid olduğunu, neçə-neçə arzunun burada bitdiyini, yüzlərlə ananın gözlərinin yaşlı qaldığını  anlayırsan. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Qəhrəmanlar can verir,

Yurdu yaşatmaq üçün.

Az bir zamanda Füzuli şəhərinin mərkəzindən keçirik. Amma bu illər ərzində Füzuli şəhərinin erməni vandalları tərəfindən dağıdılmış , yaşayış və inzibati binlaların sökülmüş divarları qalmışdı. Rayon mərkəzində Azərbaycan bayrağı asılacaq bir tikili belə olmadığının şahidi oluruq. Şərəfli bayrağımızı yol  boyunca seyr etmək isə ayrıca bir zövq verirdi. 20 dəqiqə sonra artıq biz Xocəvənd rayonunun Tağlar  və Sığnaq kəndlərindən keçəndə küçəboyu divarlardakı əsgər,  müxtəlif rayonların adlarını gördükcə fərəh hissi bizi bürüyürdü. Hər daşı, hər yamacı doğma olan Vətən torpağını gördükcə qəlbimizdəki 30 illik həsrət ümidlə,inamla əvəzlənirdi.

Bu da Xocalı rayonunun Çanaqçı kəndi, qarşıda isə Daşaltı və Şuşa bizi gözləyirdi. Bir az keçmiş Şuşa platosu görünməyə başladı. İlahi, sanki, 29 il bundan öncə gördüyüm həmin Şuşa yenə əvvəlki əzəmətində idi. O əzəmət, o vüqar olduğu kimi heyranedici idi. Yenə də başının üstündəki duman elə bil bu sirli qalaya keşik çəkirdi.

Nəhayət, maşınımız Daşlatı kəndindən Şuşaya doğru qalxır. Yadıma 1992-ci il yanvar ayının 25-də qarlı qış günlərində baş verən məşhur Daşaltı əməliyyat düşür. Hələ o vaxt 13 yaşım vardı. Amma o günləri xatırladıqca kədərlənməmək olmur. Bu illərdə nə qədər hadislərin şahidi olmadıq ki?..

Ürəyimin şüşəsi ŞUŞAM

Şuşadayam, heç nə düşünə bilmirəm, həyəcanla, həm də kədərlə ətrafı seyr edirəm. Əvvəlcə yaşadığım ünvana – Füzuli küçəsi 8-ə getdim. Çox kədərli, bir mənzərə məni qarşılayır. Yaşadığımız evin yalnız sökülmüş divarları mənə:“Niyə təəccüblənirsən, axı məni qoruya bilmədiniz”,- deyirdi. Həyətin, evin  hər küncünü gəzirəm, bəlkə, bir xatirə tapım deyə...Amma tapcağım tək bir şey uşaq yaddaşımdan silinməyən o xatirələrlə  bir də qarşılaşmılı oldum. Bu evdə necə xoş günlər keçirmişdik, hansı əlamətdar hadislər olmuşdu, hamısını bir-bir xatırlmağa başlayıram. Gözlərimin qarşısına gələn ilk şəxs anam olur :“Get əlini yu, yeməyini ye, sonra dərslərinə başla, bu saat qağan gələcək” . O səs nə qədər doğma, nə qədər əziz idi, ilahi...

O zaman çox xoşbəxt idik, bütün ailə birlikdə idi, hamı sağ idi, hələ dünyalar qədər sevdiyim anam da, nənəm də  sağ idi. Qayğısız,dərdsiz yaşayırdıq. Amma bu xoşbəxtlikdə uzun çəkmədi,müharibə başladı, uzaq düşdük buralardan, sonrasını siz də yaxşı bilirsiniz...

Bir azdan asta-sata məktəb tərəfə doğru addımlayıram.

Doğma məktəb

Məktəb yerləşən əraziyə çatanda boş ərazidə traktorların işlədiyini görürəm.Aydın olur ki, həmin məktəb tamam sökülüb. Məlumat verildi ki, indi bu məktəbin yerində daha gözəl məktəb binası tikiləcək. Amma kaş o məktəbi birdə görə biləydim. Bir anlığa xatirlər məni yenə illərin o tayına aparır.Mən bu məktəbə hələ  4-cü sinfə keçəndə gəlmişdim. Heç vaxt 30 uşağı bir sinfdə  görməmişdim. Yaxşı yadımdadır, ilk dəfə bu sinfə girəndən sonra düz 3 gün utandığımdan uşaqların üzünə baxa bilməmişdim. Kənd mühitində yaşayan birinin şəhərə öyrəşməsi çox çətin idi. Utandığım üçün mən yanvara kimi heç lövhəyə də çıxmamışdım. Buna görə də qiymətlərimin çoxu  aşağı oldu. Amma zaman keçdikcə hər şey yaxşı oldu, qiymətlərim düzəldi, uşaqlarla ünsiyyətim yaranmağa başladı, hətta arada dəcəllik belə etməyə də başlamışdım. Bu minvalla 8-ci sinfə qədər gəldim. Və müharibə....

Şəhəri gəzə-gəzə yaddaşımda ilişib qalan xatirlər məni uzaq illərə aparır, bir az da cavanlaşıram.

Şuşanı gəzdikcə bu şəhərdə kimlərin yaşadığını düşünürəm. Mənə görə elə Üzeyir bəy Hacıbəyli bir Azərbaycan deməkdir. Hələ Q.Zakir, X.Natəvan, M.Nəvvab, N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Ağaolu kimi Şuşa mühitində doğulan və yaşayan dahiləri demirəm. İnanıram ki, yenə Şuşamız o çağlarına qayıdacaq , yenə bu şəhər neçə-neçə gələcəyin aydınlarının yetişdirəcək. O gün lap yaxındadır...

Muradxan Hüseynov

2222
Vumart və Güvən reklamı Vumart Güvən