Toponim cinayətlərinə qarşı birləşmək önəmlidir

 17:56 03.03.2022     134

Erməni millətçiləri tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçiriblər. Belə faciələr 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə baş verib. Bəşəri cinayətlər zamanı ermənilər həm də minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan ediblər.

Lakin soyqırımı ilə üzləşən təkcə xalqımız və maddi-mədəni irs nümunələri olmayıb. Bu illər ərzində tarixi adlarımıza qarşı da soyqırımı törədilib. XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ümumilikdə ermənilər tərəfindən Qərbi Azərbaycanda və Qarabağda təxminən 700-dən çox yer adı saxtalaşdırılıb və zorla erməniləşdirilib. Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, həmin yer adlarının 300-ə qədəri  Qarabağ ərazisindədir.

Deputatın sözlərinə görə, tarixi faktlar indiki Ermənistan ərazisində ermənilərin yox, türk mənşəli tayfaların yaşadığını sübut edir. 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəli olub. Sonrakı iki il ərzində bu ərazilərə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə 900 min erməni bu ərazilərə köçürülüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub.

Köçürülmə və saxtakarlıq

Bizim əzəli torpaqlarımızda yerləşdirildikdən sonra ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Yer adlarımız mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb. Bu proses bir neçə üsulla baş verib. Azərbaycan mənşəli toponimlərin  bir qismi bütövlüklə erməni adları ilə əvəz edilib. Onların bir hissəsi keçmiş sovet dövründə dəyişdirilib və bəzilərinin erməni yazılış variantı saxlanılıb. Üçüncüsü, işğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına da təcavüz edilərək toponimlər təhrif edilməklə qismən dəyişdirilib. Dördüncüsü, hərfi tərcümə nəticəsində adlar dəyişdirilib. Nəhayət, bir qisim toponimlər isə bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanılıb.

Akademik İsa Həbibbəyli xatırladır ki, heç İkinci Dünya Müharibəsində faşistlər işğal etdikləri ərazilərdə adları dəyişdirməyiblər: “Azərbaycan toponimlərinin saxtalaşdırılması ermənilərin bütün sahələrdə terrorçu, işğalçı, saxtakar olduğunu aydın şəkildə göstərən faktorlardan biridir. Onlar saxtalaşdırma yolu ilə həmin ərazilərdə Azərbaycan tarixinin izlərini silməyə çalışıblar. BMT-nin Coğrafi adların standartlaşdırılması üzrə konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə, hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.  Bu baxımdan bu sahədə tədqiqat işlərinin davam etdirilməsi həm tariximizin qaranlıq səhifələrinə işıq salınması, həm də Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından əhəmiyyətlidir. Çünki Ermənistanın cinayətlərini sübut etməyin yollarından biri də ermənilərin bu diyara köçürüldüklərini və burada olan toponimləri sonradan dəyişdirmələrini bütün dünyaya göstərməkdən keçir”.

Ekspertlər hesab edirlər ki, Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm surətdə tədbirlər görülməlidir. Azərbaycan dövləti tərəfindən müntəzəm olaraq rəsmi səviyyədə belə addımlar atır. Belə tədbirlərdən biri də  “Google maps” tətbiqi ilə bağlıdır.

“Google” xəritələrindəki erməni adları nə vaxt dəyişdiriləcək?

Dünya üzrə məşhur olan “Google” xəritələrində Azərbaycanın Qarabağ bölgəsində adlar erməni dilində və erməniləşdirimiş formada göstərilir. Bununla bağlı -  toponimlərin rəsmi adları Azərbaycan dilində göstərilməsi ilə əlaqədar diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb. Ötən ilin dekabrında Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən “Google” şirkətinə diplomatik müstəvidə müraciət ünvanlanıb və bu məktubda  ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

İnternet mühitində, o cümlədən ”Google", “Yandex” və digər şirkətlər tərəfindən tərtib edilən xəritələrdə, eləcə də yaradılan resurslarda reallığı əks etdirməyən məlumatlarla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən də dəfələrlə aidiyyəti üzrə müraciətlər edilib. Nazirlik tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilmiş və təhriflərin aradan qaldırılmasına nail olunub.

Qeyd etmək lazımdır ki, “Google maps” platforması istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.

BMT-yə təqdim olunan hesabat

Eyni zamanda, ötən ilin may ayında XİN tərəfindən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib. Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adı əks olunur.

Digər tərəfdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya" dövlət şirkəti  rəqəmsal xəritələri  və datanı hazırlayıb, coğrafi adların elektron bazası, coğrafi adların transliterasiyası və düzgün yazılışı isə AMEA-nın Dilçilik və Coğrafiya institutlarına həvalə olunub. Bütün bu məlumatlar açıq məlumat bazası- opendata.az-a yerləşdirilib.

Azərbaycan tərəfindən təkcə suveren ərazilərimizdə deyil, vaxtilə ermənilərə bağışlanmış Ermənistan ərazisindəki tarixi torpaqlarımızda türk toponimlərinin bərpası istiqamətində də lazımi fəaliyyət göstərilir.

“GoMap.az” ilk milli elektron platforması Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə "Sinam" şirkəti tərəfindən “Qərbi Azərbaycanın yaddaşı” layihəsi işlənilib. Layihə çərçivəsində 1000-dən çox toponimin adı bərpa olunub.

Qlobal şirkətlərin strateji məsələlərdə ikili standartlara meylli olduğunu nəzərə alaraq, bu məsələdə vətəndaş cəmiyyəti və internet ictimaiyyəti də dövlətə yardımçı olmalı, düşmənə qarşı birlikdə işləməlidirlər.

Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir

Vumart və Güvən reklamı Vumart Güvən