"Bill Qeyts kimi avara adamlar dünyanı başına bürüyüb" - Hafiz Hacıyev
“Bill Qeyts alverçidir. Öz malını satmaqdan, müəyyən siyasi alverə girməkdən ötəri öz fikrini deyir. Yəni ona o qədər də əhəmiyyət verməyə dəyməz”.
Bu sözləri Redaktor.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev amerikalı milyarder Bill Qeytsin dünyada “çiçək” virusunun yayılacağı ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.
Partiya sədri vurğulayıb ki, Bill Qeyts kimi adamlar dünyada işləri qarışdırırlar.
"Bu cür avara adamlar dünyanı başına bürüyüb. Hər halda dünyada da buna getməyə dəyməz. Çünki camaat hələ yeni-yeni açılışır. İndi Bill Qeyts bunun dərmanını satacaq deyə neynəməliyik, ömür boyu yas saxlayası deyilik ki. Hər halda mən bu işlərə çox pis baxıram. Mən onun dediklərində qətiyyən həqiqət hesab etmirəm”.
Hafiz Hacıyev həmçinin qeyd edib ki, dövlətlər xalqlarını düşünməlidir, belə şəxslərin cibini yox:
“Əlbəttə özləri planlayırlar. Hardan virus olur ki, o. Onlar özləri bunları planlaşdırırlar. Özlərinin bu oyunlarını oynamaqdan, millətin başını bu cür qatmaqdan ötəri belə bir oyunlar oynayırlar. Ona görə də hər halda o qədər ciddi fikir verməyə dəyməz. Müəyyən qüvvələr var, onların maraqları olacaq. O maraqlara görə də Bill Qeytsin bu fikrini ciddiyə almağa dəyməz. Hər halda hər dövlət öz işini görməlidir. Xarici fikirlərdən, göstərişlərdən yan durmalıdır. Özlərinin fikirləri ilə axıra qədər getməlidirlər. Dövlətlər xalqlarını düşünməlidirlər, Bill Qeytslərin cibini yox”.
Zərif ÜLVİQIZI












