Metropolitendən qatarlardakı nasazlıqlarla bağlı AÇIQLAMA: "Qapının arasında qəpik qalmışdı"
Son bir aydır hər həftə Bakı metrosunda qatarlarda nasazlıq baş verdiyi barədə xəbərlər yayılır.
Metroda baş verən bu problemlər isə həm sərnişinlərin narahatlığına, eyni zamanda onların mənzil başına gec çatmasına səbəb olur.
Maraqlıdır, son bir ayda metroda niyə bu qədər problem yaranır? Nasazlığın səbəbi köhnə qatarlardır, yoxsa təzə qatarlarda da bu hal baş verir?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, son olaraq dünən baş verən hadisə nasazlıqla bağlı deyildi:
“Dünən gecikmə olmayıb. Sərnişinlər düşürülüb, dərhal da əvəzində qatar verilib. Gecikmə olanda bu barədə sosial şəbəkə hesabımda da yazıram. Amma dünənki nasazlıq deyildi. Vaqonlarda iy-qoxu olub. Bu da normal bir şeydir. İnsanlar özünü narahat hiss etməsin deyə sərnişinləri düşürdüblər, əvəzinə yeni qatar veriblər. Məsələn, keçən həftə nasazlıq qatarın qapısında olmuşdu. Nasazlıq necə var, olduğu kimi də deyirik”.
Mətbuat katibinin sözlərinə görə, daha çox problemlər qapı ilə bağlı olur:
“Ondan əvvəl qapı ilə bağlı iki hadisə olmuşdu. Birində qapının arasında kiçik bir əşya qalmışdı. Sərnişin nəyisə unutmuşdu. Qəpik formasında, qəpik ölçüsündə əşya idi. Müsbət cəhəti odur ki, maşinistin kabinasında avtomatik olaraq işarəvermə, yəni siqnal işləyir ki, qapıda problem var. O da gedib qapının arasından qəpiyi götürmüşdü, qatar yola düşmüşdü.
Ondan əvvəl “Nizami” stansiyasında tuneldə maşinistin avtomatik qapı ilə bağlı siqnalı işləyib. Gedib qapıya baxış keçirilib və hər şeyin qaydasında olduğu görünüb. Maşinist qatarı stansiyaya çıxarıb yenə baxıb ki, hər şey qaydasındadır. Böyük ehtimalla sərnişin qapını itələyib, ya paltarı qalıbsa, onu dartıb. Maşinistin borcu, vəzifəsi odur ki, onu dərhal yerində tənzimləsin. Yəni son bir ayda baş vermişləri deyirəm. Yalnız birində nasazlıq olub. Bu da texnikadır, hərdən hansısa səbəbdən nasazlıq ola bilir. Amma vəzifə təlimatı ilə bağlı onu dərhal aradan qaldırılması ilə bağlı iş görülüb”.
Metropoliten rəsmisi bildirdi ki, dünənki hadisədə qatarlarda gecikmə olmayıb.
“O biri dediklərimdə axşam saat 7-dən sonra gecikmə 5 dəqiqə olmuşdu. O birində bir dəqiqə olmuşdu. Bir dəqiqə isə əslində heç gecikmə sayılmır. Çünki onu qısa müddətdə aradan qaldırmaq mümkün olur”.
Nasazlıqların köhnə və ya yeni qatarlarda baş verməsinə gəlincə, mətbuat katibi bildirdi ki, qapının arasında əşya qalmaq hadisəsinin biri təzə, digəri köhnə qatarda olub.
“Qapısı nasaz olan köhnə qatar idi. İy-qoxu gələn hadisənin isə köhnə və ya yeni qatarla heç bir əlaqəsi olmayıb. Sürəti artıranda reysdə təkər, dəmir dəmirə sürtünəndə spesifik qoxu yaranır. Bu da sərnişinin öyrəşmədiyi qoxudur. Hərdən tüstü formasında da görünür. Tüstü deyil, amma tüstü formasında, dumanlı şəkildə bir şey görünür. Elə olanda sərnişin özünü narahat hiss etməsin deyə maksimal tədbir görürük. Əslində o qatar sərnişinlərlə öz yoluna davam edə bilərdi. Amma sərnişini düşürürük ki, narahatlıq olmasın, özünü pis hiss etməsin. Sərnişinin təkcə təhlükəsiziyini yox, onun rahatlığını da düşünürük”, - deyə B.Məmmədov vurğuladı.
Zərif Ülviqızı












