Sürücülərin nəzərinə! Badamdar - 20-ci sahə avtomobil yolu açılıb - VİDEO
Artıq bir neçə ildir ki, bağlı qalan Badamdar yolunda hərəkətlilik müşahidə olunur. Bir neçə gündür Badamdar-20-ci sahə avtomobil yolunda maşınlar şütüyür.
Qeyd edək ki, 2018-ci ildə və son olaraq 2020-ci il yanvarın 9-da Badamdar qəsəbəsində sürüşmə baş verib. Hər iki hadisədən sonra Badamdar yolu bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutu yapon mütəxəssisləri ilə birlikdə sürüşmə ərazisində geniş tədqiqat və layihələndirmə işlərinə hələ 2018-ci ildən başlayıb.
2021-ci ildə isə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarın inşaasına başlanılıb. Bundan sonra isə həmin yolda bərpası işləri aparılmalı idi.
Hazırda Badamdar sürüşmə ərazisində və Badamdar – 20-ci sahə avtomobil youndakı son vəziyyəti öyrənmək üçün aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışdıq.
Əvvəlcə sözügüedən avtomobil yolunun açılıb-açılmaması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə müraciət etdik. O, bu barədə məlumatının olmadığını bildirdi:
“Həmin ərazidəki işləri ya Bakı Şəhər İcra Hakimiyyəti, ya da Nazirlər Kabineti həyata keçirir. Həmin yolla bağlı hər hansı bir məlumatım yoxdur. Dəqiq bilmirəm. Ərazidə işləri kim icra edirsə, onlar daha dəqiq bilərlər”.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov isə bu məsələnin Səbail Rayon İcra Hakimiyyətinin səlahiyyətində olduğunu dedi:
“Badamdar Səbailin ərazisidir. Badamdarla əlaqədar Səbailə zəng edib soruşun. Biz bu rayonun əvəzindən bilmirik nə var, nə yox”.
Səbail Rayon İcra Hakimiyyəti başçısının köməkçisi İlham Məmmədov isə mövzu ilə bağlı informasiya şöbəsinə müraciət etməyimizi məsləhət görsə də, həmin şöbədə telefonun dəstəyini qaldıran tapılmadı.
Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Samir Zamanov isə bildirdi ki, Badamdar-20-ci sahə yolunda maşınların hərəkəti ilə bağlı məsələyə Avtomobil Yolları Dövlət Agentliyi cavabdehdir.
“O, yol hələ istifadəyə verilməyib. Orada hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sürüşmə baş vermiş yollar düzəlir. Yolun özü hələ təmirə bağlanmayıb. Hələ təmirə bağlanacaq. Çünki sürüşmə ilə bağlı işlər yekunlaşandan sonra yolun yenidən bərpası təmin olunacaq. Hələ orada iş gedir. İllərdi bərkitmə işləri gedir. Bu məsələlərə biz baxmırıq, Fövqəladə Hallar Nazirliyi, "Azəravtoyol" baxır”.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi Pərviz Aslanov isə bildirdi ki, yol kiçik tonnajlı avtomobillər üçün istifadədədir:
“Fövqəladə Hallar Nazirliyi tərəfindən hal-hazırda yamacda üç sırada bərkitmə işləri görülür. Orada istinad divarları tikilir. Hazırda işin böyük hissəsi yekunlaşıb. Hal-hazırda Fövqəladə Hallar Nazirlıiyi yolda hər hansı bir iş aparmır. Ona görə də yola bizim bir aidiyyatımız yoxdur. Bildiyimiz məlumat budur ki, həmin yolda sonrakı dövrdə tam məhdudlaşdırma yox, qismən məhdudlaşdırma həyata keçirilib. Yəni iri tonnajlı yük avtomobillərinin oradan keçməsi qadağan edilmişdi. Orada tam məhdudlaşdırma yoxdur. Hal-hazırda yolun hərəkət zolağı yüngül nəqliyyat vasitələrinin istifadəsi üçün tam yararlıdır. Əgər orada hansısa bir başqa qurum iş aparırsa, bundan bizim məlumatımız yoxdur. Fövqəladə Hallar Nazirliyi olaraq yolda bir iş aparmırıq, bu, bizim səlahiyyətimizdə deyil. Yəqin ki, bu məsələ “Azəravtoyol”un səlahiyyətindədir”.
Zərif Ülviqızı












