Qarabağ uğrunda şəhid olmuş bir qazax balasının hekayəti

 14:48 22.04.2022     223

– Mən Bakıya “Qarabağ. Evə uzun bir yol” adlı kitabımın təqdimatı üçün gəlmişdim. Kitabı Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində qələbəsinə həsr etmişəm. Bu, mənim Azərbaycan xalqına bir hədiyyəmdir.

…Eşitmişdim ki, Qarabağda bir qazax balası da savaşıb. Lakin onun harada dəfn edildiyini bilmirdim. Sosial medianın fəal istifadəçisi kimi, Daniyar Qasımovun bir paylaşımına rast gəldim. Daha sonra Yermek Zaulaulının paylaşımı çıxdı qarşıma. Orada deyilirdi ki, 28 il sonra Yerbol Barımbekov adlı bir qazax balasının dəfn edildiyi yer tapılıb.

Dəfn yerini öyrənincə, dərhal ora yollandım. Yerbolun məzarını tapdım və dərhal da gözlərimdən sel kimi yaşlar axdı… Orada nə qədər belə dayandığımı deyə bilmərəm. Bu vaxt ərzində bir molla da yaxınlaşdı. Ondan mərhum üçün Quran oxumağı xahiş etdim.

Qəbrin üstünə qərənfillər düzülmüşdü. Doğma idilər. Qəbristanlıqda işləyən bir qadının dediyinə görə, Yerbolun qəbri üstünə silahdaşları gəlir tez-tez. Qadın onu da dedi ki, sabah saat 12-də Yerbolun yaxınları da qəbir üstünə gələcək.

…Yermek və Daniyarla Facebook-da yazışaraq bilgini dəqiqləşdirdim.

Artıq növbəti gün – aprelin 20-də mən yenidən buraya gəldim. Gəldim ki, Yerbolun doğmalarını və silahdaşlarını görüm, onların dilindən bu igid qazax balası, onun qəhrəmanlıqları haqqında eşidim.

20 aprel 1994-cü il – igid qazax balası Yerbolun həlak olduğu gündür. O, desant, kəşfiyyatçı olub. Qazaxıstanın Cambıl vilayətindən gələrək Qarabağ uğrunda canını fəda edib Yerbol.

…Qazaxıstandan onun doğmaları – Nurbol və Yermek də gəlmişdi. Yerbolun doğma kəndindən bir ovuc torpaq da gətirmişdilər. Qəhrəmanın xatirəsini yad etmək üçün silahdaşları, döyüş yoldaşları da gəlmişdi.

Yerbol Azərbaycan xalqı ilə birlikdə torpaqları Ermənistanın işğalından azad etmək uğrunda şəhid olmuş qazax balasıdır.

Bir qazax balasını Qarabağa gəlib savaşa qatılmağa vadar edən nə idi görəsən? Hər kəs belə bir sual verir. Mən düşünürəm ki, səbəb təkdir: gənc qazaxın ürəyi başqasının əzablarını özününkü sayıb və onun türk kökəni də öz sözünü deyib. Eyni zamanda Azərbaycan xalqına münasibətdə vətənpərvərlik və qardaşlıq da öz rolunu oynayıb.

…Almatı yaxınlığındakı Qapçaqay desant qoşunlarında hazırlıq keçmiş Yerbol könüllü şəkildə Azərbaycana gəlib. Hərbi komissarlıq onu təxribat-kəşfiyyat qrupuna göndərib. Yerbol fiziki və mənəvi cəhətdən hazırlıqlı olub. Güclü, cəsur olub o. Əla hərbi hazırlığıyla döyüş əməliyyatlarında özünü yaxşı yöndən göstərib və silahdaşları üçün örnək olub Yerbol. O illərdə hələ Sovet (əslində Rusiya) Ordusu da vardı. Lakin əsgər və zabitlərin bu əməliyyatlara qoşulması yasaqdı. Ona görə də arzu edən ürəyinin səsi ilə – könüllü qoşulurdu bu hərəkata.

Qardaşları deyir ki, Yerbol 1974-cü il iyulun 1-də anadan olub. Lakin qəbir daşında 1972-ci il yazılıb. Gənc yaşda şəhid olub, Qarabağ tarixində silinməz iz buraxıb. Eyni zamanda doğmalarının, silahdaşlarının, dostlarının və bütün Azərbaycan xalqının qəlbində.

İndi – Yerbolun şəhid olduğu xatirə günündə Şəhidlər Xiyabanına silahdaşları, komandirləri, siyasi rəhbəri, qərargah rəisi, media təmsilçiləri – Aida Eyvazlı, Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hərbi attaşe gəlib. Qan rəngindəki al qərənfillər Yerbolun soyuq məzarı üzərinə düzülür. Qardaşları Qazaxıstanın bayraqlarını gətiriblər. Onlar o bayraqları Yerbolun başı üzərində yüksəldirlər…

Silahdaşları və doğmaları Yerbolu daim yad edir

Silahdaşları və doğmaları Yerbolu daim yad edir

Bütün silahdaşları Yerbolu xatırlayaraq onun haqqında sevgi və qürurla danışırlar. Aradan 28 il keçib. Lakin hələ də onu xatırlayır və sevirlər.

Yerbol bir hərbi qardaşlıq körpüsüdür. O, qardaş ölkələr arasında dostluq və həmrəylik örnəyidir. Bu qazax balası türk dünyasının düşmənləri və işğalçılar üzərində zəfərin rəmzidir.

…Mən göz yaşlarımı tuta bilmədim heç. Yerbolun artıq dünyasını dəyişmiş ata-anası öz igid oğullarından nigaran gediblər bu dünyadan.

Yerbolun qardaşları Qazaxıstana – Cambıl vilayətinə qayıdacaqlar. Öz evlərinə gedib onun haqqında danışacaqlar. Azərbaycanda ona olan sevgi, hörmətdən söz edəcəklər. Onlar minnətdarlıq hissi ilə dolu Azərbaycan xalqının Yerbolun məzarını necə ziyarət etdiyindən söhbət açacaqlar.

Yerbolun qardaşı Nurbol onun məzarı üzərindən bir ovuc Azərbaycan torpağını götürdü ki, Qazaxıstana aparsın. Yerbola qəhrəman adı, orden və medallar verilməyib. Yalnız böyük Heydər Əliyev tərəfindən şifahi təşəkkür edilib. Lakin bu, önəmli deyil. Çünki o vaxtlar heç kim belə şey haqqında düşünmürdü. Tək bir məqsəd vardı: düşməni qovub torpaqları işğaldan azad etmək. Ki, Azərbaycan xalqı geri dönüb evində rahat yaşaya bilsin.

Mən bir türk qadını, ana, Qazaxıstan vətəndaşı olaraq igid Yerbolla qürur duyuram. O, bizim qəhrəmanımızdır. O, bizim türk dünyamızın oğludur.

Sonda bizim Yerbola göstərilən diqqətə görə bütün silahdaşlarına, jurnalistlərə, Azərbaycan xalqına ürəkdən təşəkkür edirəm. Təşəkkür edirəm ki, onun doğmalarını tapıblar, qəhrəmanlıqlarını unutmayıblar! Ümid edirəm ki, bu tarixi fakt diqqətsiz qalmayacaq. Mən onun haqqında kitab da yazacağam. Bu isə bir qazax oğlunun Azərbaycanla bağlı tarixçəsinin yeni səhifəsinin başlanğıcıdır (bayraqdar.info).

Müəllif və Yerbolun doğmaları Qazaxıstanın Bakıdakı səfirliyində

Vumart və Güvən reklamı Vumart Güvən