Motosiklet sürücüsünü təhqir edib döyən məmuru hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, 3-cü dərəcəli "Əmək" ordenli Sultan Tofiq oğlu Dadaşovun Murad Salman adlı motosiklet sürücüsünü təhqir edib döydüyü əks olunan video yayılıb.
Maraqlıdır həmin məmuru hansı cəza gözləyir? Yüksək vəzifədə olması onu məsuliyyətdən azad edə bilərmi?
Mövzu barədə Redaktor.az-a danışan hüquqşünas Sahib Məmmədov dedi ki, şəxsin hansı məsuliyyətə cəlb olunacağı xəsarətdən asılıdır:
“Döymə halında aldığı bədən xəsarətindən asılı olaraq inzibati məsuliyyət də yarada bilər, cinayət məsuliyyəti də. Əgər bədənə az ağır məsuliyyət yetiribsə, artıq cinayət məsuliyyəti yaranır. Tərəflər barışmasa, bu halda cinayət məsuliyyəti yaranır. Daha yüngüldürsə, sadəcə döymədirsə, bu inzibati bir xəta da ola bilər. Tərəflər barışa, anlaşa bilər”.
Hüquqşünas qeyd etdi ki, şəxsin məsuliyyətə cəlb olunması şikayətdən asılı deyil:
“İstənilən halda bu işə hüquq mühafizə orqanları qarışacaq. Bu xüsusi ittiham qaydasında deyil. Yəni şikayət oldu-olmadı hadisə fiksə olunubsa, qeydə alınacaq. Hansı məsuliyyəti yaradacağını istintaq, araşdırma, tibbi ekspertizanın verdiyi rəy müəyyən edəcək”.
Sahib Məmmədovun sözlərinə görə, şəxsin vəzifədə olması, onun məsuliyyətə cəlb olunmasına təsir etmir:
“İndi məmur kimi iş yerində onun hansısa məsuliyyəti ola bilər. Əmək kollektivində hər hansı bir tədbir görərlər-görməzlər, tənbeh edərlər-etməzlər, bu başqa məsələdir. Amma bu döyülən vəzifəli şəxs deyil. O baxımdan fərq etmir”.
Vəkil Əkbər Bağırov isə bildirdi ki, həmin videoda xuliqanlıq hadisəsi baş verib:
“Orada hər şey ola bilər. Xuliqanlıq ola bilər. Mən o videoya baxdım. Orada xuliqanlıq əlamətləri var. İctimai yerdə hadisə törədir. Ola bilər xuliqanlıq maddəsi ilə iş açalar. Xuliqanlıq maddəsi ilə də cəza düşməlidir”.
Əkbər Bağırov bildirir ki, video sosial şəbəkədə yayıldığı üçün şəxs hər bir halda məsuliyyətə cəlb olunacaq:
“Bu ictimai ittihamlı işdir. Hər bir halda məsuliyyətə cəlb olunmalıdır. Şəxsin şikayətçi olub-olmamağından asılı olmayaraq. Bu, sosial şəbəkədə, həm də kütləvi informasiya vasitəsində yayılıb. Ona görə də hər hansı bir cinayət işinin başlanması üçün əsasdır. Yəni şikayətçi olub-olmamasından asılı olmayaraq. Burada təhqir də var. Eyni zamanda, mən belə hesab edirəm ki, orada xuliqanlıq da ola bilər”.
Vəkilin sözlərinə görə, qanunda sadə vətəndaş da, məmur da eyni hüquqa sahibdir:
“Məmurun məsələyə dəxli yoxdur. Qanun qarşısında hamı bərabərdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə qanun qarşısında hamı bərabər hüquqludur. Hər halda barışa da bilərlər. Hər halda sosial şəbəkədə yayılıbsa, bu artıq cinayət işi, araşdırma başlanması üçün əsasdır”.
Zərif Ülviqızı