Motosikletçini döyən “Lexus” sahibi bu vəzifəsindən çıxarılıbmış - VİDEO

Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.
Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.
Xatırladaq ki, Sultan Tofiq oğlu Dadaşov 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.