Motosikletçini döyən məmurun hərəkəti hüquqi baxımdan məsuliyyət yaradır - Deputat

"Avtomobil sürücüləri tez-tez moteskletlə yemək paylayanların yolda onlara təhlükə yaratdığından gileylənirlər. Doğrudur yolda bəzən təhlükə yaradırlar. Bəs cəmiyyətdə necə? Bu şəxslar əslində ən böyük hörmətə layiqdirlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.
"Küçədə-bacada, çayxanalarda, yollarda, məhəllələrdə yüzlərlə avaralanan gənc görəndə nə deyirik? Əlbəttə, ölkədə məşğulluq problemi böyük ölçüdə mövcuddur, ancaq zəhmətə qatlaşmağa meylli olmayan insanlar da az deyil. Məhz bu kateqoriyadan olan adamlar halal zəhmətlə gündəlik ruzisini qazanırlar, əlbəttə, maddi çətinlikləri var, ailə-uşaq problemləri var, ancaq gedib "iş yoxdur" bəhanəsinin arxasında gizlənmirlər, mümkün olan işin qulpundan yapışırlar. Ona görə də bu insanları təhqir yox, təqdir etmək lazım. Yolda təhlükə yaradanları yola vermək olar, ancaq cəmiyyətdə tüfeyli kimi təhlükə yaradanların törətdiyi qəzalar daha ağır nəticələr doğurur", - deyə deputat bildirib.
Fazil Mustafa həmçinin bildirib ki, Bakıda motosikletçini döyən məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır.
Qeyd edək ki, mətbuatda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşı, 3-cü dərəcəli "Əmək" ordenli Sultan Tofiq oğlu Dadaşovun Murad Salman adlı motosiklet sürücüsünü təhqir edib döydüyü əks olunan video yayılıb. Məmurun bu hərəkəti böyük narazılıqlara səbəb olub.
T.İSMAYIL