Həbs xəbəri yayılan məmurun işinə hansı məhkəmə baxıb? - Məhkəmələr təkzib edir...

 16:09 26.04.2022     708

Bakıda moped sürücünü təhqir edib döyən Sultan Dadaşovun məhkəmə qarşısına çıxarılaraq, barəsində 25 sutka inzibati qaydada həbs qərarının verilməsi barədə məlumat yayılıb. 

Bəzi media orqanları həmin şəxsin işinə Yasamal Rayon Məhkəməsində, digərləri isə Səbail Rayon Məhkəməsində baxıldığını yazıb.

Məsələni dəqiqləşdirmək üçün öncə Yasamal Rayon Məhkəməsinə müraciət etdik.

Məhkəmədən Redaktor.az-a bildirildi ki, Sultan Dadaşovun işinə baxmayıblar: “Bizim məhkəmədə baxılmayıb. Həmin iş Səbail Rayon Məhkəməsinə göndərilib”.

Səbail Rayon Məhkəməsindən isə saytımıza “Bizdə belə bir məlumat yoxdur” deyə cavab verildi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov da daha əvvəl Redaktor.az-a açıqlamasında Sultan Dadaşovun saxlanıldığını təkzib etmişdi.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə LEXUS GX460 markalı, 10 VX 707 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Sultan Tofiq oğlu Dadaşovun motosiklet sürücüsü Murad Salmanı təhqir edərək döyməsi barədə video yayılıb. 

Məlumata görə, Sultan Dadaşov  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işləyir.

Sultan Tofiq oğlu Dadaşov 15 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən