Deputatlar motosikletçini döyən məmuru pislədilər: "Qanun qarşısında cavab verəcək"

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, 3-cü dərəcəli "Əmək" ordenli Sultan Tofiq oğlu Dadaşovun Murad Salman adlı motosiklet sürücüsünü təhqir edib döydüyü əks olunan video yayılıb.
Dövlət məmurunun bu hərəkəti hər kəs kimi deputatların da narazılığına səbəb olub.
Millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a bildirdi ki, şəxsin vəzifədə olması onu məsuliyyətdən azad etmir:
“Ümumiyyətlə kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qaydalara əməl etməlidir. Bu ümumi qaydadır. Kiminsə hansısa vəzifədə olması onu hansısa məsuliyyətdən azad etmir. Hər bir dövlət məmuru çalışmalıdır ki, öz fəaliyyətində diqqətli olsun. Mən onun müsahibələrinə baxdım. Müəyyən məsələlərə münasibət bildirib. Amma bütün hallarda bu yolverilməzdir”.
Deputat bildirdi ki, məmurun bu hərəkətini pisləyir:
“Belə bir halın baş verməsi hər bir Azərbaycan vətəndaşında ciddi narahatlıq yaratdı. Birmənalı olaraq bu yolverilməzdir. Bu formada, bu şəkildə addım atmaq, davranış sərgiləmək heç bir vətəndaşa yaraşmır. Xüsusilə dövlət məmuru çalışmalıdır ki, daha diqqətli olsun. Çünki cənab prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələyə toxunub. Məmurlara xəbərdarlıq edib ki, onlar davranışlarında diqqətli olmalıdırlar. O baxımdan mən də qəti şəkildə pisləyirəm. Düşünürəm ki, bu yolverilməzdir. Hamı çalışmalıdır ki, qaydalara əməl etsin və belə hallar baş verməsin”.
Ceyhun Məmmədovun sözlərinə görə, qanunun tələbinə uyğun cəza verilməlidir:
“Qanunun tələbi nədirsə, qanunun tələbinə uyğun da mütləq cəzalandırılma həyata keçirilməlidir. Orada bir qarşıdurma hadisəsi var idi. Qarşı tərəfə qarşı müəyyən addımlar atıldı. Bu gün də hüquq-mühafizə orqanları bu məsələni araşdırırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq da bu məsələ ilə bağlı addım atılacaq. Burada biz görürük ki, konkret olaraq ölkə rəhbərinin də mövqeyi var. Cənab prezident belə məsələlərə çox həssas yanaşır. Qanunun tələbi nədirsə, ona uyğun da mütləq cəza tədbiri həyata keçiriləcək”.
Millət vəkili qeyd etdi ki, hər bir məmurun əxlaq kodeksi var:
“Bu araşdırılmalıdır. Araşdırılandan sonra hansı maddə ilə cəzalandırılmalıdır, hansı formada cəza tətbiq edilməlidir, o var. Məsələn, hadisəni törədən dövlət məmurudursa, hər bir məmurun əxlaq kodeksi var. Burada eyni zamanda qanunlarımızla bağlı məsələlər var. Ona uyğun da aidiyyatı qurumlar addım atacaq”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə dedi ki, yüksək səviyyəli məmurun məsuliyyəti daha çox olmalıdır:
“Mənim ona münasibətim çox mənfidir. Kimliyindən, cəmiyyətdə özünü hansı səviyyədə ifadə etməsindən asılı olmayaraq bu və buna bənzər hərəkətlər yolverilməzdir, qəbuledilməzdir. Xüsusi olaraq həmin insan yüksək səviyyəli məmur hesab olunur, yüksək səviyyəli qurumda çalışır. Onun məsuliyyəti daha çox olmalıdır. Ona görə də onun hərəkətlərini mən pisləyirəm. Qətiyyətlə ona irad tuturam. Ümidvaram ki, hərəkətlərinə görə Azərbaycan qanunları qarşısında cavab verəcək. Hər halda törətmiş olduğu hərəkətə görə mən ümidvaram ki, Azərbaycan hüquq-mühafizə orqanları lazımi addımları atacaq”.
Zərif Ülviqızı